XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 İyun, 2013
Tofiq İsmayılov – 80 il

Tofiq İsmayılov Tofiq Kazım oğlu İsmayılov 1933-cü il iyun ayının 21-də Bakı şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Moskva Elektrotexnika Rabitə İnstitutuna daxil olmuşdur.


1956-cı ildə Moskva şəhərinin aparıcı müəssisələrində işləmiş, sonralar aspiranturaya daxil olmuşdur. 1966-cı ildə Bakıya köçmüş və Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) çalışmışdır. 1969-cu ildə texnika elmləri namizədi, 1979-cu ildə isə texnika elmləri doktoru adını almış, bir qədər sonra isə professor elmi adına layiq görülmüşdü. Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü (akademik) seçilmişdi.Beynəlxalq elmi-texniki jurnal “Məsafədən duyma üzrə xülasə jurnalı”nın (Vaşinqton), “Kosmik Tədqiqatları EİB məlumatları” dövri nəşrin redaktoru, “Azərbaycan Respublikası Elmlər Akademiyasının Xəbərləri”nin (fizika, texniki və riyazi elmlər üzrə) redaksiya kollegiyasının üzvü, həmçinin Beynəlxalq Astronomik İttifaqın, SSRİ Elmlər Akademiyası Astrosovetinin, SSRİ Elmlər Akademiyası kosmik vasitələrlə təbii sərvətlərin öyrənilməsi bürosu, SSRİ Baş kosmos idarəsinin elmi-texniki şurasının, SSRİ Elmlər Akademiyası Elmi Şurasının və Dövlət elm və texnika komitəsinin üzvü, Azərbaycan Respublikası kosmonavtika federasiyasının sədri olmuşdur.1989-cu ildən SSRİ Xalq deputatı, SSRİ Ali Soveti Rəyasət Heyətinin, Sov. İKP MK və Azərbaycan KP MK-nın üzvü olmuşdu. Akademik T.K.İsmayılov məxsusi cihazqayırma sahəsində məşhur alim idi. Onun aerokosmik nəzarət kolibrləmə poliqonlarında peykaltı ölçmə texniki vasitələrinin nəzəriyyəsinə və tətbiqinə verdiyi təkliflər xüsusi mahiyyət kəsb etmişdir. Onun rəhbərliyi və şəxsi iştirakı ilə hazırlanmış “PS - 17 BK” və “Pulsar X-1” rentgen teleskopları böyük müvəffəqiyyətlə “Salyut-Soyuz-T-11”, “Mir” orbital stansiyalarında fəaliyyət göstərmişdi. “Pulsar X-1” ifrat ulduzunun kəşfində iştirak etmiş, həmçinin “PS - 17 BK” (vertolyot variantında) Çernobıl AES rayonunda radiasiya vəziyyətinin müəyyənləşdirilməsində geniş istifadə olunmuşdu. 200-dən çox elmi işin müəllifidir, onlardan 90-ı ixtiradır. Onun rəhbərliyi ilə 3 doktorluq və 12 elmlər namizədi dissertasiyaları müdafiə edilmişdir. T.K.İsmayılov 1991-ci ilin sentyabrında Azərbaycan Respublikasının ilk Dövlət Katibi vəzifəsinə təyin edilmişdi. Xalq qarşısında xidmətlərinə görə “Qırmızı əmək bayrağı” ordeni, “Əməkdə rəşadət” medalı, elm və texnika sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş, K.E. Sialkovski, S.P. Korolyov və Y.A. Qaqarin adına fəxri medallarla təltif edilmişdi. 1991-ci il noyabr ayının 20-də Tofiq Kazım oğlu İsmayılov Qarabağın Qarakənd kəndi üzərində “Mİ-8” hərbi vertolyotunda faciəli şəkildə həlak olmuşdu.