XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 İyun, 2013
Nigar Rəfibəyli - 100 il

Nigar Rəfibəyli Nigar Xudadat qızı Rəfibəyli 1913-cü il iyun ayının 23-də Gəncə şəhərində cərrah-həkim ailəsində anadan olmuşdur. İbtidai təhsilini Gəncədə almış Nigar xanım, 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdir.


1932-1936-cı illərdə Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir. 1930-1932-ci illərdə Bakı Kinostudiyasının Ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində, “Azərnəşr”də Bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, 1937-1939-cu illərdə “Uşaqgəncnəşr”də Bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində işləmişdir. “Çadra” adlı ilk şeiri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk “Şeirlər” kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. “Zəfər nəğməsi” (1943), “Şeirlər” (1949), “Anaların səsi” (1951), “Yol xatirələri” (1957), “Dənizin səsi gəlir” (1964) və başqa kitabların müəllifidir. Görkəmli şairə N.Rəfibəyli tərcümə fəaliyyəti ilə də məşğul olmuşdur. Məhsəti Gəncəvinin rübailərini, Evripidin “İfigeniya”, F.Şillerin “Məkr və məhəbbət”, A.P.Çexovun “Vanya dayı”, “Albalı bağı” dramlarını, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanlarını, Ə.Nəvai, A.S.Puşkin, M.Y.Lermontov, T.Q.Şevçenko, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur. 1934-cü ildən Azərbaycan Yazıçılar birliyinin üzvüdür. Xidmətlərinə görə Nigar xanım 1967-ci ildə “Azərbaycanın Əməkdar mədəniyyət işçisi”, 1981-ci ildə isə “Azərbaycanın Xalq şairi” fəxri adlarına layiq görülmüş, “Şərəf” nişanı və digər orden və medallarla təltif olunmuşdur. Unudulmaz şairəmiz Nigar xanım Rəfibəyli 1981-ci il iyul ayının 9-da Bakıda vəfat etmiş Fəxri Xiyabanda dəfn edilmişdir. Bakı küçələrindən biri onun adını daşıyır.