XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 İyun, 2013
Əlif Hacıyev - 60 il

Əlif Hacıyev Əlif Lətif oğlu Hacıyev 1953-cü il iyun ayının 24-də Xocalı şəhərində doğulmuşdur. 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir.


1971-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974-1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-in Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. O, 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir. DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışmışdır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq 10 il həbs cəzasına məhkum etmişdilər. 1987-ci ildə işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. Sonra o, bəraət almış, azadlığa buraxılmışdır. Ə.Hacıyev 1990-cı ildə Xocalıya qayıtmış və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirmişdir. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunmuş və Xocalı Təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin edilmişdir. Eyni zamanda o, Xocalı Aeroportunun komendantı olmuşdur. Yaxşı fəaliyyətinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilmişdir. Qarabağ cəngavəri Əlif Hacıyevin əzmkarlığı nəticəsində Xocalı hava limanı erməni millətçilərinin nəzarətindən tamamilə çıxmış və bu, onlar üçün ağır zərbə olmuşdu. Bunun əvəzini çıxmaq üçün düşmən 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıya hücum etmişdi. Əlif və onun dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşmuşdular. O, bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxarmışdı. Əlif bir daha geriyə dönərək, yenidən döyüşə atılmış və bu zaman ağır yaralanmışdır. Vətənini, torpağını canından əziz bilən Əlif, Qarabağ torpağında – Xocalı faciəsi zamanı şəhid olmuşdu. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.