XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 İyun, 2013
1941 –ci il 22 iyun – faşist Almaniyasının SSRİ-yə qarşı müharibəyə başlaması

 “Böyük Vətən Müharibəsi” 1941-ci il iyunun 22-də faşist Almaniyasının SSRİ-yə hücumu ilə sovet tarixinə “Böyük Vətən Müharibəsi” adı ilə daxil olmuş müharibə başladı. Faşizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir.


II Dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi. Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu. Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl "Mənim mübarizəm" adlı kitabında yazırdı ki, "Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar". Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi. Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi. 1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.