XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 İyun, 2013
Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski - 150 il

Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski 1863-cü il iyunun 28-də Naxçıvanda anadan olmuşdur. On beş yaşında ikən Peterburqdakı Paj korpusu məktəbinə verilmiş, 1881-ci ildə oranı əla qiymətlərlə bitirərək, çarın xüsusi süvari qoşununda xidmət etmişdir.


Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan H.Naxçıvanskiyə 1903-cü ildə polkovnik rütbəsi verilmişdir. 1904-1905-ci illərdə Rusiya-Yaponiya müharibəsində qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına komandirlik etmişdir. 1906-cı ildə Leyb-qvardiya süvari alayının komandiri olmuş, 1907-ci ildə general-mayor rütbəsinə layiq görülmüşdür. 1912-ci ildə 1-ci Əlahiddə süvari briqadasının komandiri olmuş, I Dünya müharibəsində 1-ci və 2-ci süvari diviziyalarının komandiri Naxçıvanski alman cəbhəsində fərqlənmişdir. I Dünya müharibəsi cəbhələrində qazandığı qələbələrə və sərkərdəlik məharətinə görə 1916-cı ildə Naxçıvanskiyə tam süvari generalı rütbəsi verilmişdir. Sonralar Cənubi Qafqaz cəbhəsinin komandanı təyin edilmiş, Rusiyada Fevral İnqilabından (1917) sonra hərbi işdən uzaqlaşdırılmışdır. 4-cü və 3-cü dərəcəli müqəddəs Georgi ordenləri ilə, Müqəddəs Vladimir, 2-ci dərəcəli Müqəddəs Aleksandr, Müqəddəs Anna, İgidliyə görə, İranın almazla bəzədilmiş 2-ci və 4-cü dərəcəli Şire-Xurşid, zabitlərə məxsus Rumın ulduzu, Avstriyanın Dəmir xaç, Bolqarıstanın Döyüş xidmətlərinə görə ordenləri, üstü yazılı qızıl silahla təltif olunmuşdur. 1919-cu ildə 56 yaşında Petroqradda vəfat etmişdir. Qəbri Sankt-Peterburqdakı Aleksandr Nevski monastrının qəbiristanlığındadır. Görkəmli Azərbaycan generalının bolşeviklər tərəfindən güllələndiyi ehtimal edilir.