XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 İyun, 2013
Milli Azərbaycan Tarixi Muzeyində Belarus uğrunda vuruşmuş azərbaycanlılara həsr olunmuş tədbir keçirilmişdir

Milli Azərbaycan Tarixi Muzeyiİyunun 27-də Milli Azərbaycan Tarixi Muzeyində Belarus uğrunda vuruşmuş azərbaycanlılara həsr olunmuş «Они сражались за Беларусь» (“Onlar Belrus uğrunda vuruşmuşlar”) kitabının təqdimatı keçirilmişdir.


Kitab Muzeyin əməkdaşları: t.ü.f.d. Fərhad Cabbarov, t.ü.f.d. Zərifə Dulayeva, Fikrət Bağırov və Fuad Ağayevin birgə səyləri ilə Muzeydə qorunan nadir tarixi materiallar- sənədlər, fotoşəkillər, döyüşlərdə iştirak etmiş şəxslərə aid əşyalar əsasında yazılmışdır. Milli Azərbaycan Tarixi Muzeyi və Belarus Respublikasının Azərbaycandakı səfirliyinin birgə səyləri ilə təşkil olunan tədbirdə II Dünya müharibəsi veteranları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, tarixçi alimlər, Azərbaycandakı belarus diasporu, Azərbaycan- Belarus dostluq cəmiyyətinin üzvləri, kütləvi informasiya vasitələri nümayəndələri iştirak etdilər. Bu il Azərbaycanla Belarus arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyini nəzərə alaraq, Muzeydə “Ən xoş arzularla... (Belarus xalqının Azərbaycan xalqına hədiyyələri)” adlı sərgi təşkil olunmuşdur. Sərgidə XX əsrin 60-cı illərindən başlayaraq Belarus nümayəndə heyətlərinin Azərbaycanın dövlət orqanlarına rəmzi hədiyyələri nümayiş olunur. Konfrans zalında “Onlar Belarus uğrunda vuruşmuşlar” (belarus uğrunda vuruşmuş azərbaycanlıların fotoşəkillərindən ibarət), “Belarus bu gün” (müasir Belarus Respublikasının inkişafını nümayiş etdirən fotoşəkillərdən ibarət) adlı fotostendlər tədbir iştirakçılarına təqdim olunmuşdur. Qonaqları salamlayan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı təqdimatı keçirilən kitab haqqında məlumat vermişdir. O. 1941-1945-ci illərdə faşizmə qarşı müharibədə Azərbaycan və azərbaycanlıların iştitirakı barədə məlumat vermiş, minlərlə döyüşçümüzün Belarus uğrunda həyatlarından keçərək qəhrəmanlıqlar göstərməsini xüsusi vurğulamışdır. Daha sonra söz Belarus Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Nikolay Patskeviçə verilmişdir. Səfir Belarus xalqının azadlığı uğrunda vuruşanların xatirəsinin hər zaman uca tutulmasının söyləyərək, Belarus ərazisində Azərbaycanın qəhrəman oğulları Həzi Aslanov və Aslan Vəzirova abidə ucaldılmalarını, Minskdə Məmməd Rəfiyevin şərəfinə küçə adlandırılmasını vurğulamışdır. O, Muzeyin rəhbərliyi və kitabın müəllif heyətinə təşəkkürünü bildirmişdir. Tədbirdə “Azərbaycan II Dünya müharibəsi illərində”, “Belarus II Dünya müharibəsi illərində”, “Belarus uğrunda vuruşmuş azərbaycanlılar” slayd-filmləri nümayiş olunmuş, müharubə illərinin mahnıları səsləndirilmişdir. Kitabın müəlliflərindən olan. Muzeyin elmi katibi F. Cabbarov, şöbə müdiri Z.Dulayeva çıxış edərək kitabın yaradılma tarixi barədə məlumat vermişlər. Daha sonra çıxış edən müharibə iştirakçıları Belarus uğurunda aparılna döyüşlərdə iştirakçıları ilə bağlı öz xatirələri ilə bölüşmüşlər. Tədbir iştirakçılarına «Они сражались за Беларусь» (“Onlar Belrus uğrunda vuruşmuşlar”) kitabı, həmçinin “İrs-Наследие” jurnalının Azərbaycan- Belarus əlaqələrinə həsr olunmuş nömrəsi paylanmışdır. Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri N.Patskeviç kitabın müəlliflər kollektivinə səfiriliyin təşəkkür məktubunu təqdim etmişdir. Həmçinin son dövrdə Azərbaycan- Belarus əlaqələrinin genişlənməsinə öz töhfələrini vermiş görkəmli ictimai xadimlərə, mədəniyyət və incəsənət nümayəndələrinə təşəkkürnamələr təqdim olunur.

Muzey adından səfir N.Patskeviçə xatirə medalı, “H.Z.Tağıyev”, “Muzeyin inciləri” adlı kitablar hədiyyə olunmuşdur. Səfir fəxri qonaqlar kitabında öz ürək sözlərini yazmış, Muzeyə gələcək işlərində uğurlar arzulamışdır.

 Tədbirin fotoşəkilləri ilə saytın Fotoqalereya bölümündə tanış olmaq olar.