XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 İyun, 2013
Cəlal Əliyev - 85

Cəlal Əliyev Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir.


1948-ci ildən Azərbaycan Dövlət Universitetinin Bitki fiziologiyası kafedrasında laborant işləmişdir. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1971-1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olmuşdur. Biologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmlər Akademiyasının xarici üzvüdür. Əməkdar elm xadimidir. Onlarla monoqrafiyanın, kitabın və yüzlərlə elmi məqalənin müəllifidir. Akademik C.Əliyev və onun hazırladığı kadrlar 1993-cü ildə bioloji məhsuldarlıq proseslərinin molekulyar əsaslarının öyrənilməsində böyük nailiyyətlərə görə Beynəlxalq Soros Fondunun 8 qrantına layiq görülmüşlər. C.Əliyev bir sıra beynəlxalq və milli cəmiyyətlərin, o cümlədən Bitkilərin molekulyar biologiyası üzrə beynəlxalq cəmiyyətin (1994), Amerika bitki bioloqları cəmiyyətinin (1994), Forosintez tədqiqatları üzrə beynəlxalq cəmiyyətin (1995), Yaponiya bitki fizoloqları cəmiyyətinin (1997), Hüceyrə stresi üzrə beynəlxalq cəmiyyətin (1998) üzvüdür. Eyni zamanda YUNESKO yanında “Bioetika, elmi biliklərin və texnologiyaların etikası” Milli Komitəsinin (1999) sədridir. C.Əliyev həm də 1994-cü ildən etibarən Azərbaycanda biologiya elminin yeni sahələrini inkişafı fondunun (BEYSİF) prezidentidir. I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2011-ci il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Hazırda Azərbaycan MEA-nın Rəyasət Heyətinin, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Akademik Cəlal Əliyev elm qarşısında böyük xidmətlərinə görə 2 dəfə “Qırmızı əmək bayrağı” (1978, 1986), Müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı olan “İstiqlal” (1998) və Gürcüstan Respublikasının “Şərəf” (2003) ordenləri ilə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2008) ilə təltif olunmuşdur.