XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 İyul, 2013
Muzey əməkdaşları arxeoloji tədqiqatlara cəlb olunur

arxeoloji tədqiqatlarHər il oduğu kimi bu il də Arxeologiya elmi fond şöbəsinin bir qrup əməkdaşı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində təşkil olunmuş “Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyası”nın tərkibində Ağdamın Xındırıstan kəndi yaxınlığında yerləşən eneolit dövrü yaşayış məntəqəsində – İsmayılbəytəpədə aparılacaq arxeoloji qazıntılarda yaxından iştirak edəcək.


İyulun 20-dən başlayacaq bu arxeoloji qazıntıların sentyabrın 5-nədək davam etdiriləcəyi nəzərdə tutulmuşdur. Arxeoloji qazıntılara AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Xəqani Alməmmədov rəhbərlik edəcəkdir. Ekspedisiya tərkibinə daxil olan Milli Azərbaycan Tarixi Muzeyinin işçi qrupunun rəhbəri isə Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadədir. Cari mövsüm üçün ekspedisiya qarşısında duran əsas məqsəd Qarabağ bölgəsi abidələrinin qeydiyyatını və arxeoloji tədqiqini davam etdirməkdir. Bu məqsədlə ekspedisiya İsmayılbəytəpə abidəsində qazıntı sahəsini 200 kv m genişləndirərək 300 kv m-ə çatdırmaq, ətraf ərazilərdə kəşfiyyat-axtarış işlərini aparmaq, eləcə də Fərmantəpə abidəsində qazıntıların ikinci mərhələsinə başlamaq kimi vəzifələri yerinə yetirməyi planlaşdırıb. Bundan başqa qazıntı müddətində əldə olunacaq maddi mədəniyyət nümunələrinin kameral işlənməsi də həyata keçiriləcək. Çöl-axtarış işlərinin sonunda əldə olunacaq elmi nailiyyətlər, xüsusilə maraq doğuran tapıntılar haqda ölkə ictimaiyyətinə geniş məlumat veriləcək.