AMEA Milli Azərbaycan Tarixi Muzeyində 2013-cü ilin I yarısında Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası ilə bağlı işlərin gedişinə yekun vurulmuşdur.
1. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar 2013-cü il aprelin 18-19-da MATM-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” mövzusunda III respublika elmi konfransı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı “Heydər Əliyev və Azərbaycanda muzey işi” mövzusunda məruzə ilə çıxış etmiş, ümummilli liderin respublika muzeylərinə göstərdiyi qayğı və diqqətdən danışmışdır. L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi işçisi Ülkər Şirəliyeva “Heydər Əliyev və Azərbaycan xalçaçılıq sənəti (keçmişin yadigarı, bu günün bələdçisi Azərbaycan xalçası)” adlı məruzə ilə çıxış edərək ümummilli liderin respublikamızda xalça sənətinin öyrənilməsi, onun dünya miqyasında təbliğ olunması sahəsində gördüyü işlərdən danışmışdır. Seksiyalarda muzeylərdə elmi fond, ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi; muzey pedaqogikası və tarixi tədqiqatlar kimi vacib mövzular müzakirə olunmuş, fikir mübadiləsi aparılmışdır. 50-dək məruzənin dinlənildiyi konfransın muzey işçilərinin qarşılıqlı əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması baxımından önəmli rolu olmuşdur.
2. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə aprelin 30-da Milli Azərbaycan Tarixi Muzeyində tədbir keçirilmişdir. Qonaqları salamlayan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı 70-80-ci illərdə və müstəqillik dövründə ümummilli liderin respublikada elm və mədəniyyətə göstərdiyi qayğıdan danışmış, onun MATM-ə dəfələrlə gəlməsi, muzeyin inkişafına verdiyi töhfələr barədə danışmışdır. Tədbirdə millət vəkili Musa Qasımlı, Yeni Azərbaycan Partiyasının Səbayıl rayon təşkilatının sədri Zahid Qaralov, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov, Bakı Dövlət Universitetinin professoru İradə Hüseynova, respublikanın tanınmış alimləri və ictimai xadimləri iştirak etmişlər. Tədbir zamanı “Heydər Əliyev - mədəniyyətin hamisi” filmi, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev” və “Heydər Əliyev və muzeylərimiz” mövzusunda slayd-filmlər nümayiş olunmuş, ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab, broşür və jurnalların sərgisi təşkil edilmişdir. Tədbirdə YAP Səbayıl rayon təşkilatının sədri Zahid Qaralovun yeni çapdan çıxmış “Heydər Əliyevin elmi irsi” adlı ikicildlik kitabı təqdim olunmuşdur. Çıxış edən natiqlər Heydər Əliyevin Azərbaycan milli dövlətçiliyinin formalaşmasında, ölkənin suverenliyi, ərazi bütövlüyü, dünya birliyinə inteqrasiyası, iqtisadi inkişafı naminə uzunmüddətli layihələrin işlənib hazırlanması və həyata keçirilməsində misilsiz xidmətlərindən danışmışlar.
3. Azərbaycan Respublikası Prezidentinin “Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında” 25 fevral 2013-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar mayın 23-də MATM-də Ə.Topçubaşovun anadan olmasının 150 illiyinə həsr edilmiş respublika elmi seminarı keçirilmişdir. Seminarı açan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Ə.Topçubaşov həyatı və ictimai-siyasi fəaliyyəti haqqında seminar iştirakçılarına məlumat vermişdir. Bu yaxınlarda çapdan çıxmış və Ə.Topçubaşova həsr olunmuş “Tarixi şəxsiyyətin tarixi” adlı kitabın müəllifi, tarix elmləri doktoru, professor Cəmil Həsənli çıxış edərək Əlimərdan bəyin mübarizə dolu həyatı və ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Muzeyin Xəritələr sektorunun müdiri Fikrət Bağırov, Muzeyin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, tarix elmləri doktoru İradə Bağırova Ə.Topçubaşovun Rusiya imperiyasında yaşayan türk xalqlarında milli özünüdərkin formalaşmasına təsiri haqqında danışmışlar. Məruzələrdən sonra mövzu ətrafında müzakirələr olmuşdur.
4. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında” 1 mart 2013-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar MATM-ən kolleksiyası əsasında hazırlanan “Bakının teatr tarixi” kataloqu üzərində iş aparılmış, fond materialı seçilmiş, mətn və annotasiyalar hazırlanmış, fotoşəkillər çəkilmişdir. Kataloq üzərində iş davam etdirilir və cari ilin oktyabrında yekunlaşacaq.
2013-cü ilin II yarısında Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası ilə bağlı işlərin genişləndirilməsi və sürətləndirilməsi ilə bağlı AMEA Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.