Muzeyin bu yaxınlarda işıq üzü görmüş “XIX əsr-XX əsrin birinci yarısı Azərbaycan maarifçiliyi və maarifçıləri" adlı kitabı artıq elmi ictimaiyyətin diqqətini cəlb etmişdir. Strategiya.az saytında Azərbaycan Respublikasının Əməkdar müəllimi Nazim Nəsrəddinov tərəfindən yazılmış elmi resenziya yerləşdirilmişdir. Resenziyanın mətnini saytımızın istifadəçilərinin diqqətinə çatdırırıq:
Birnəfəsə oxunan elmi kitab-məqalələr toplusu
Konkret bir zamanla məhdudlaşdırılaraq, "XIX əsr-XX əsrin birinci yarısı Azərbaycan maarifçiliyi və maarifçıləri" adlandırılan bu kitabın nəşri muzey kolleksiylarının elmi cəhətdən dəyərləndirilməsi, tarixi keçmişimizin dəyərləndirilməsi baxımından böyük maraq doğurur .Adından sonra "Məqalələr toplusu " sözləri yazılsa da, əslində bu, Azərbaycanın tarixi keçmişinə böyük sevgi və qayğıları olan əqidə və məslək dostlarının kollektiv yaradıcılıq məhsuludur. Əsər AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə çap olunmuşdur. Elmi redaktoru akademik Nailə Vəlixanlıdır. Əsərdə 12 müəllifin dərin və gərgin elmi yaradıcılıq nümunəsi olan elmi yazıları cəmlənmişdir.
Mən belə bir kitabın nəşrini çoxdan gözləyirdim. Müəlliflərin bəzilərini ilə arxiv və kitabxanalardan tanıyırdım.yazılarını sanballı nəşr olan "Milli Azərbaycan Tarixi Muzeyi" jurnalından oxumuşdum.
Əsər tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun Azərbaycan və rus dillərində yazdığı oxucuya istiqamət verən ön sözü ilə başlayır. "Ön söz"də topludakı məqalələrə dair dəyərli məsləhətlərə görə Azərbaycan təhsil tarixinin görkəmli tədqiqatçısı professor Ədalət Tahirzadəyə dərin minnətdarlıq bildirilməsi də araşdırmalara ciddi yanaşıldığına işarədir.
Nərmin Bağırovanın yazısı maarif fədaisi Həbib bəy Mahmudbəyovun (1864-1928) kəşməkeşli (*)həyat yolunu özündə əks etdirən materiallar əsasında yazılmışdır.
Yeri gəlmişkən qeyd etmək isrəyirəm ki, əvvəllər "keşməkeşli" kimi yazılan bu söz indi "kəşməkeşli" yazılır ( bax: Azərbaycan dilinin orfoqrafiya lüğəti. B.,2004. səh.335). Kəşməkeş" fars mənşəli sözdür, dartışma, çəkişmə deməkdir.-N.N.).
H.Mahmudbəyov Azərbaycanın ilk ali təhsilli pedaqoqlarındandır.
H.Mahmudbəyov 1887-ciildə Tiflisdə rusca ali pedaqoji təhsilini bitirən 3 azərbaycanlıdan biridir. 1887-ci il oktyabr ayının 20-də H.Mahmudbəyov və onun tələbə dostu S.M.Qənizadə Bakıda təhsil tariximizdə yeni tipli tədris müəssisəsi, pus-tatar məktəbi kimi tanınan təhsil ocağı yaratmışlar. Müəllif məqalədə qiymətli arxiv sənədlərindən məqsədəyönlü şəkildə istifadə etmişdir.
Əsərin gələcək nəşrinə kömək məqsədılə demək istəyirəm ki, bu tipli əsərlərdə mənbə kimi istifadə olunan bütün qaynaqların yazının sonunda ədəbiyyat siyahısında göstərilməsi daha məqsədəuyğundur.
Tarix üzrə fəlsəfə doktoru Məmməd Məmmədov və görkəmli pedaqoq, bir neçə dərslik müəllifi Rəşid bəy Əfəndiyevin nəticəsi Sevinc Tağıyevanın birgə rusca yazdıqları "Rəşid bəy Əfəndiyev - maarifçi, yazıçı və pedaqoqdur" məqaləsi həm muzey, həm də digər mənbələrdən seçilmiş materiallar əsasında yazılmışdır.Materiallar inandırıcı görünsə də, mübahisəli məqamlarla da rastlaşırıq. R.Əfəndiyevin Tiflisdə ali təhsil alıb-almaması məsələsinə artıq çoxdan aydınlıq gətirilmişdir. Tiflisdə oxuyan Əfəndiyev -Rəşid bəyin kiçik qardaşı Abdulla Əfəndiyev olmuşdur.
R.Əfəndiyev 1882-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını bitirdikdən sonra 10 il kənd məktəblərində müəllim işləmişdir. Kənd məktəbi müəllimi kimi İşlədiyi axırıncı iş yeri indiki Şəkiyə aid olan Koxmux kənd məktəbi idi.
R.Əfəndiyev 1892- ci ilin dekabrın 27-də da Zaqafqaziya Əhli -Təsənni İdarəsində katib köməkçisi vəzifəsinə işləməyə dəvət olunmuşdur.O.burada işləyərkən 2 iyul 1893-cü ildə Ruhani İdarəsində imtahan verərək 760 nömrəli prixod mollası və müəllim attestatı almışdır.Bu sənəd ona gələcəkdə məktəb, gimnaziya və seminariyalarda şəriət dərsləri keçmək üçün lazım idi.
R.Əfəndiyevin"Uşaq bağçası" kitabının yazılma tarixi də dəqiqləşdirilməlidir. Müəllif bu kitabı 10 illik pedaqoji təcrübəsi əsasında yazmışdır. Dərslik 1896-cı il fevralın 29-da senzuradan keçmiş, 1898- ci ildə Konstantinopol şəhərində ərəb qrafikası ilə çap olunmuşdur.Kitabı redaktə etmək üçün R.Əfəndiyev xarici pasportjki aylıq ödənilən əmək haqqı alaraq İstanbula getmişdir.
Tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun "Birdaha Mərdəkan bağçılıq məktəbinin tarixi haqqında " yazdığı məqalə topluya elmiliklə yanaşı, elmi-publisistik populyarlıq verir. Müəllif vaxtilə N.Tahirzadənin bu istiqamətdə gördüyü işlərə yeni vüsət vermişdir.
"Azərbaycanda Müqəddəs Nina məktəblərinin tarixindən" məqaləsinin müəllifi İnna Kostinadır.Məqalə muzeyin Sənədli mənbələr fondunda saxlanılan foto materialları, eləcə də digər elmi mənbələrdən bələdliklə istifadə yolu ilə yazılmışdır. Bu yazı toplunun həcmcə ən böyük materialıdır (səh.35-57).Məqalə müəllifinin Qafqaz ərazisində fəaliyyət göstərən qadın xeyriyyə cəmiyyətləri,o cümlədən Müqəddəs Nina Cəmiyyəti haqqında verdiyi tarixi və pedaqoji bilgilər təhsil tariximizin müəyyən mərhələısini öyrənənlərə yaxşı bələdçilik edəcəkdir.
Tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimov topludakı məqaləsində XlXəsrin II yarısı-XXəsrin əvvəllərində Lənkəran qəzasında aparılan maarif işlərini bu bölgənin qabaqçıl maarifcilərinin həyat və yaradıcılıqlarına istinadən araşdırmışdır. Müəllif öz yazısında muzeyin sənədli mənbələr fondundan seçdiyi foto materiallarından mövzuya uyğun şəkildə istifadə etmişdir.
İnanırıq ki.Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyası.bəzi hallarda isə bu vaxta qədər geniş oxucu auditoriyasına məlum olmayan muzey materialları əsasında ararılan elmi araşdırmalar maraqlı elmi mənbə kimi təhsil tariximizi öyrənənlərin diqqətini cəlb edəcəkdir.
Ədəbiyyat
1.Rəşid bəy Əfəndizadə. Uşaq bağçası. Konstantinopol, 1898.
2.Rəşid bəy Əfəndizadə. Bəsirətül-ətfal. Bakı, 1901.
3.Rəşid bəy Əfəndizadə. Bəsirətül-ətfal. İstanbul,1907. (müsəvvər nəşr. İllüstrasiyalar rus rəssamı V.A.Taburinindir).
4.Nazim Nəsrəddinov. Maarif carçısı. "NovruzMqəzeti, 04.02.1992, N5 .
5.Nazim Nəsrəddinov. Türkiyədə çap olunmuş ilk Azərbaycan dərsliyi. "Təhsıl” jurnalı, 2011, sentyabr.
6.Nazim Nasreddinov. Basiret-ül etfal. Halduncezayirlioğlu Kolleksiyon, 13 Ekim 2011.
7.Nazim Nasreddinov. Türkiyede çap olunmuş ilk Azerbaycan dersliyi. Halduncezayirlioğlu Kollksiyon, 6 Eylül 2011.
8.Rəşid bəy Əfəndiyev. Seçilmiş əsərləri. Bakı, 2006. "Şərq-Qərb".
9.Milli Azərbaycan Tarixi Muzeyi-2011. (Elmi Əsərlər toplusu)
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.