XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Sentyabr, 2013
Milli Azərbaycan Tarixi Muzeyində “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi- 95” sərgisi işə başladı

“Qafqaz İslam Ordusu və Bakının azad edilməsi- 95” sərgisi 2013-cü il sentyabrın 16-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın paytaxtı Bakının erməni- bolşevik qüvvələrindən azad edilməsinin 95 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi- 95” adlı sərginin açılışı olmuşdur. Sərgi Milli Azərbaycan Tarixi Muzeyi, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi, Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin birgə səyləri ilə təşkil olunmuşdur.


  Tədbirdə Milli Məclisin üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tarixçi alimlər, tədqiqatçılar, Azərbaycan- Türkiyə dostluq cəmiyyətinin üzvləri iştirak etmişlər.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı qonaqları salamlamış, 1918-ci il iyun- sentaybr aylarında baş vermiş hadisələrin Azərbaycan  tarixində tutduğu yer barədə danışmışdır. O, Qafqaz İslam Ordusunun yaradılmasından və ordunun hərbi fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, Bakının azad edilməsində Nuru Paşanın rəhbərliyi ilə türk qoşunlarının xidmətləri böyük olmuşdur və bu hadisə bizim üçün böyük fəxrdir. Məhz Qafqaz İslam Ordusunun gəlməsi ilə Azərbaycan erməni quldurlarından, bolşeviklərdən təmizlənməsi başlanmışdır.

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Alper Coşkun 95 il əvvəl Azərbaycan xalqının köməyinə gəlmiş türk əsgərlərin qardaşlıq borcalrını yerinə yetirməsi, indiki nəsillərin tarixin o şərəfli səhifələrinin öyrənilməsinin vacibliyini vurğulamışdır. Tədbirdə çıxış etmiş Azərbaycanın xalqı şairi Nəriman Həsənzadə 2009-cu ildə Nuru Paşa haqqında poema yazdığını vurğulayaraq tədbir iştirakçılarına poemadan bir parça söyləmişdir.

Tarixçi alimlər Solmaz Rüstəmova-Tohidi, Nəsiman Yaqublu çıxış edərək daşnakların və bolşeviklərin Azərbaycan ərazisində törətdikləri soyqırımlardan, Qafqaz İslam Ordusunun xidmətlərindən danışmışlar. Bildirilmişdir ki, ordunun şərəfinə Bakının ən yüksək yerində abidə qoyulmuşdur. Bakının azad edildiyi günün Azərbaycan xalqının tarixində əlamətdar hadisə olduğunu və bununla da dövlətçiliyimizin bərpa edildiyi söylənilmişdir.

Tədbirdə, Türkiyənin ölkəmizdəki səfirliyi tərəfindən Qafqaz Universitetinin professoru Mehmet Rıhtıma sərginin təşkilinə verdiyi töhfəyə görə təşəkkür diplomu, həmçinin “Qafqaz İslam Ordusunun zəfər yürüşünün 95-ci ili” mövzusunda yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunmuşdur.

Daha sonra qonaqlar sərgi zalına dəvət olunmuşlar.

Tamaşaçılar sərgidə nümayiş edilən 100-ə yaxın eksponatla tanış olmuşlar. Eksponatlar AMEA Milli Azərbaycan Tarixi Muzeyinin fondlarından və prof. Mehmet Rıhtımın şəxsi kolleksiyasından təqdim olunub. Həmçinin sərgidə 15-dən artıq məlumat stendləri, 20-ə yaxın foto stendlər, iriölçülü xəritə, manekenlər, fotoşəkillər, rəsm əsərləri nümayiş olunur.

Qonaqlara “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” məqalələr toplusu, “Qardaşlıq köməyi” kitabı, həmçinin sərginin kataloqu paylanmışdır.

Daha sonra qonaqlar sərgi ilə bağlı təəsüratları ilə bölüşmüşlər.

Sərginin hazırlıq işləri Muzeyin direktoru, akademik Nailə Vəlixanlının birbaşa rəhbərliyi altında həyata keçirilmişdir. Sərginin müəllifi, rəssamı və kuratoru t.ü.f.d. Səbuhi Əhmədovdur. Texniki işlər Əli Məhərrəmovun rəhbərliyi ilə həyata keçirilib. Sərginin təşkilində Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin 3-cü katibi Murat Yalçın, Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin direktoru Səriyyə Gündoğdu yaxından iştirak etmişlər.

Sərgi 16 sentyabr- 16 oktyabr tarixlərində davam edəcək, sərgiyə giriş pulsuzdur. 

“Qafqaz İslam Ordusu və Bakının azad edilməsi- 95” sərgisi   “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi- 95” sərgisi   “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi- 95” sərgisi   “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi- 95” sərgisi   “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi- 95” sərgisi   “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi- 95” sərgisi   “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi- 95” sərgisi