XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Oktyabr, 2013
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qazaxıstanda beynəlxalq elmi-konfransda iştirak etmişdir

Muzeyin əməkdaşı Qazaxıstanda  beynəlxalq elmi konfransdaSentyabr  ayının 25-də  Qazaxıstanın Almatı şəhərində keçirilmiş “XII əsr Qazaxıstanda İslam elmi və mədəniyyətinin tərəqqisi” adlı beynəlxalq elmi-konfransda Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva da qatılmışdır.


Tədbir Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi, Qazaxıstan Respublikasının Ali Təhsil Müəssisələri Assosiasiyası, R.Süleymanov adına Şərqşünaslıq İnstitutu və Turan Universitetinin birgə təşkilatçılığı ilə keçirilmişdir.  R.Süleymanov adına Şərqşünaslıq İnstitutunun  ev sahibliyi etdiyi konfransa alimlərimizin elmi səfərini Qazaxıstan Respublikasının Ali Təhsil Müəssisələri Assosiasiyası  maliyələşdirmişdir.

Səfər vaxtı R.Süleymanov adına Şərqşünaslıq İnstitutunun  direktoru akademik Absəttar Derbisali xaricdən gələn alimləri qəbul etmiş,  görüş sırasında  onlar müəllifləri olduqları kitablarla mübadilə etmişlər.

Konfransın plenar iclasında Nərgiz Əliyeva “Orta əsr Azərbaycan alimlərinin Yaxın və Orta Şərq alimləri ilə qarşılıqlı elmi əlaqələri” adlı məruzə ilə çıxış etmişdir.  Onun çıxışı maraqla qarşılanmışdır.

Konfransın yekun  iclasında Nərgiz Əliyevanın çıxışı Yaxın və Orta Şərq xalqlarının ortaq keçmişinin öyrənilməsində böyük əhəmiyyət kəsb etdiyi vurğulanmış, Təşkilat Komitəsinə məruzə haqqında təqdirnamə hazırlanması təklifi qəbul edilmişdir.