XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Oktyabr, 2013
Kiyevdə XX əsrin əvvəllərində (1900-1917-ci illər) təhsil almış Azərbaycan tələbələri haqqında yeni kitab nəşr olunmuşdur

“Kiyev şəhərinin azərbaycanlı tələbələri Ukraynanın ictimai-siyasi həyatında (1900-1917-ci illər)” adlı kitab Uzun illərdən bəri Ukrayna-Azərbaycan münasibətlərini öyrənən Ukrayna tarixçisi Oleq Kupçikin və Kiyevdə yaşayan həmvətənimiz jurnalist Əlisa Dəmirovun növbəti kitabı çapdan çıxmışdır. Bu dəfə “Dmitri Buraqo nəşriyyat evində” Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə “Kiyev şəhərinin azərbaycanlı tələbələri Ukraynanın ictimai-siyasi həyatında (1900-1917-ci illər)” adlı kitab nəşr olunmuşdur.


Kitabda müəlliflər XX əsrin əvvəlində Ukraynanın ictimai-siyasi həyatında Kiyevin azərbaycanlı tələbələrinin iştirakını təhlil etmişlər. Şəhərin tələbə, siyasi və akademik hərəkatında onların yeri və rolu müəyyənləşdirilmiş, inqilabi mübarizənin məqsəd və vəzifələri, metodları göstərilmişdir. Kiyevin ümumtələbə təşkilatı ilə, habelə Ukrayna tələbə icması ilə qarşılıqlı münasibətlər səciyyələndirilmiş və qeyd edilmişdir ki, Kiyevdəki ali məktəblərin azərbaycanlı tələbələri ukraynalı, yəhudi və polyak tələbələrə qoşularaq onlarla birlikdə çarizmin milli zülm siyasətinə qarşı, demokratik hüquq və azadlıqlar uğrunda mübarizə aparmışlar. Əsər müqəddimə, üç bölmə, nəticə və əlavədən ibarətdir. Monoqrafiya Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin yazdığı müqəddimə ilə açılır. Müqəddimədə deyilir: Tədqiqatçılar arxiv sənədləri əsasında belə qənaətə gəlmişlər ki, Kiyevin ali tədris müəssisələrinin azərbaycanlı tələbələri 1900-cu ildən başlayaraq ümumvətəndaşlıq hüquqları uğrunda siyasi mübarizədə, tələbə tətillərində və 1905-1907-ci illər inqilabı zamanı keçirilmiş nümayişlərdə iştirak etmişlər. Azərbaycanlı tələbələri haqlı olaraq XX əsrin əvvəllərində Kiyev tələbələrinin ayrılmaz tərkib hissəsi hesab etmək olar. Sayca çox olmayan azərbaycanlı tələbələr ölkədə baş verən mühüm hadisələrdən kənarda qalmamışlar.
Müəlliflər yazırlar ki, 1911-ci ildə “Müqəddəs Vladimir Universitetinin müsəlman tələbələrinin qarşılıqlı yardım cəmiyyətini” yaratmaq cəhdi baş tutmadı. Hökumət onun nizamnaməsini qeydiyyata almadı. Oleq Kupçik və Əlisa Dəmirov müəyyən etmişlər ki, 1910-1914-cü illərin yeni inqilabi yüksəlişi dövründə Kiyev şəhərinin məhz azərbaycanlı tələbələrinin təşəbbüsü ilə 1913-cü il aprelin 17-də Ümumrusiya Müsəlman Tələbə Təşkilatı yaratmağa cəhd göstərildi. Lakin imperiyanın başqa şəhərlərindəki ali məktəblərin müsəlman cəmiyyətlərinin üzvü olan tələbələrin iştirakı ilə təşkil edilmiş yığıncaq polis və “mühafizəçilər” tərəfindən dağıdıldı.
Kitabın müəllifləri arxiv sənədlərini təhlil edərək XX əsrin əvvəllərində Kiyevin azərbaycanlı tələbəsinin sosial-siyasi portretini yaratmışlar. Onlar müəyyən etmişlər ki, o zaman şəhərin ali məktəblərində 17 yaşından 29 yaşınadək təqribən 200 azərbaycanlı tələbə təhsil alırmış. Onların hamısı əhalinin imkanlı təbəqələrinin nümayəndələri olmuşdur. Təhsil üçün əsasən Müqəddəs Vladimir İmperator Universitetinin, Kiyev Kommersiya İnstitutunun hüquq və tibb fakültələri seçilirdi. Kiyev Politexnik İnstitutunda da azərbaycanlı gənclər təhsil alırdı. Əslən Şamaxıdan olan yeganə azərbaycanlı qız Sona xanım Axundova Kiyevdəki ali qadın kurslarında oxuyurdu. Tədqiqatçılar belə bir faktı düzgün qeyd edirlər ki, XX əsrin əvvəllərində azərbaycanlıların Kiyevdə və Rusiyanın digər şəhərlərindəki ali məktəblərə daxil olmasına səbəb çarizmin antimilli siyasəti idi. Bu siyasət üzündən o zaman azərbaycanlıların öz ali məktəbləri olmamışdır. Kiyevin ali məktəblərinə axın 1917-ci ilin Ukrayna inqilabından sonra da davam etmişdir. 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının hökuməti tərəfindən Bakı Universiteti yaradıldıqdan sonra bu prosesin qarşısı alınmışdır. Şübhəsiz, əlavələr, xüsusən müsəlman tələbələrin Ümumrusiya Təşkilatının yaradılmasına dair ilkin iclasın protokolları və müəlliflərin tərtib etdikləri azərbaycanlı tələbələrin siyahısı oxucuda xüsusi maraq doğuracaqdır. Monoqrafiyada bəzi arxiv sənədlərinin fotosurətləri, XX əsrin əvvəllərində Kiyevin ali məktəblərində təhsil almış azərbaycanlı tələbələrin fotoşəkilləri də vardır.
Qeyd etmək lazımdır ki, müəlliflər əldə etdikləri ilə kifayətlənmək fikrində deyillər, onlar keçən əsrin əvvəllərində digər “universitet şəhərlərində”, xüsusən Odessada və Xarkovda azərbaycanlı gənclərin həyatı və təhsili haqqında tədqiqat işini davam etdirmək niyyətindədirlər.

 

Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev