2013-cü il oktyabrın 29-da Milli Azərbaycan Tarixi Muzeyində “Mis süfrə qabları” sərgisi fəaliyyətə başlayacaq. Sərgidə Muzeyin Etnoqrafiya Fondundan XVIII –XIX əsrlərə aid 25 adda 160-dan artıq eksponat nümayiş olunur.
XIX-XX əsrlərdə ənənəvi olaraq istifadə olunmuş misgərlik alətləri- kəlbətinlər, zindan və çəkiclər, qayçilar, körük, həmçinin “misgər emalatxanası” maketi Azərbaycanda misgərlik sənətinin xüsusiyyətlərindən məlumat verir.
Sərgidə nümayiş olunan sərpuş, qapaq, xeyrə, səfər samovari, badya, sini, qablama, nimçə, məcməyi, kasa, şərbətxor, sini, camlar, armudu stəkan, çaynik, çiraq, qazan, qəhvədan, aftafa- ləyən, çömçə, şərbətilər, güləndan və zərəndazlar Azərbaycan ustalarının misgərlik sənətində qazandıqları yüksək nailiyyətləri əyani olaraq nümayiş etdirir. Azərbaycanda düzəldilmiş qablarla bərabər sərgidə Avropa və Rusiyada düzəldilmiş, XIX əsrdən başlayaraq Azərbaycanda istifadə olunmuş badələr, samovarlar da tamaşaçıların diqqətinə təqdim olunur.
Milli ornamentlərlə bəzədilmiş mis süfrə qabları Azərbaycanda rəssamları hər zaman ilhamlandırmış, öz natürmort və kompozisiyalarında istifadə edilməsinə səbəb olmuşdur. Sərgidə “Azərbaycan miniatürlərində mis süfrə qabları” və “Azərbaycan rəssamlarının əsərlərində mis süfrə qabları” bölmələrində üzərlərində mis süfrə qabları təsvir edilən rəsmlərin surətləri nümayiş olunur. Həmçinin burada gənc rəssam Günay Yusifovanın mis qablarla bir neçə natirmortu tamaşaçıların diqqətinə təqdim olunur.
Sərgidə qurulan məlumat panellərində Azərbaycan və ingilis dillərində Azərbaycan mis süfrə qabları haqqında məlumat verilir.
Sərgi Muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə hazırlanmışdır. Sərginin müəllifi Muzeyin Etnoqrafiya Fondunun müdiri, t.ü.f.d. Gülzadə Abdulovadır. Sərginin dizayn və tərtibatı t.ü.f.d. Səbuhi Əhmədov tərəfindən verilmiş, texniki-tərtibat işlərinə rəhbərlik Əli Məhərrəmov tərəfindən həyata keçirilmişdir. Sərginin kompyuter dizaynı Emin Dadaşov hazırlanmışdır.
Sərgiyə giriş pulsuzdur. Sərgi öz işini 29 dekabr 2013-cü il tarixinədək davam etdirəcək.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.