XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Oktyabr, 2013
“Maddi mədəniyyət abidələrinin bərpası, konservasiyası və mühafizəsi problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı

Milli Azərbaycan Tarixi MuzeyiOktyabrın 29-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Maddi mədəniyyət abidələrinin bərpası, konservasiyası və mühafizəsi problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı. Konfransda ABŞ-ın Smitson Etnoqrafiya və Mədəniyyət Mərkəzi, Rusiya Federasiyasının Dövlət Ermitajı, Lesi Ukrayinski adına Ukrayna Şərq və Avropa Milli Universiteti, Azərbaycan, Türkiyə, Misir, İordaniya, Almaniya, Yaponiya – cəmi 20 ölkənin alim və mütəxəssisləri, maddi mədəniyyət abidələrinin bərpası, konservasiyası və mühafizəsinə dair müvafiq qurumların rəhbərləri, təmsilçiləri iştirak edirdilər.


Tədbiri açıq élan edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları səmimi qəlbdən salamladı. O, maddi mədəniyyət abidələrinin bərpası və mühafizəsinin bütün dövrlərdə aktual problemlərdən olduğunu bildirdi. Akademik bu istiqamətdə bir çox ölkələrin muzeyləri ilə birgə əməkdaşlıq əlaqələrinin qurulduğunu, müsbət nəticələrin əldə olunduğunu nəzərə çatdırdı. Konfrans çərçivəsində “Mis süfrə qabları” sərgisinin açılşı oldu.

Konfrans öz işini 3 bölmə iclasında davam etdirdi.

İclaslarda “Arxeoloji parçaların restavrasiyası və konservasiyası problemləri”, “Gəncənin dulusçuluq məlumatlarının bərpası və mühafizəsinin Türk dünyasının sənətkarlıq ənənələrinin tədqiqində əhəmiyyəti”, “Ornamentlərin düzgün bərpasının həlli yolları”, “Azərbaycan milli geyimlərinin öyrənilməsi, olduğu kimi qorunub saxlanılması və təbliğ olunması” və s. 30-dan artıq mövzularda məruzələr dinlənildi, müzakirələr aparıldı.

Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı rəssamı Nuridə Hüseynova “Azərbaycan milli geyimlərinin öyrənilməsi, ilkin formada qorunub saxlanması və populyarlaşdırılması” mövzusunda məruzə ilə çıxış etmiş, milli geyim nümunələrini nümayiş etdirmişdir.

İştirakçıların ümumi rəyinə əsasən, problemlərlə bağlı müzakirələri dəyirmi masa şəklində oktyabrın 30-da Muzeydə keçirilməsi qərara alındı.