XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Noyabr, 2013
“Azərbaycan arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində” mövzusunda beynəlxalq konfrans işə başlamışdır

“Azərbaycan arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində” Noyabrın 11-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.


AzərTAc xəbər verir ki, konfransın ilk günündə institutun tarixi haqqında ətraflı məlumat verilmiş, son 20 ildə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına dair məruzələr dinlənilmişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin qədim abidələrimizin, maddi və mənəvi mədəniyyətimizin tədqiqinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində Azərbaycan arxeologiya və etnoqrafiya elmləri yüksək inkişaf pilləsinə çatmışdır. Hazırda respublikamızın bütün bölgələrini əhatə edən 40-dan çox arxeoloji və etnoqrafik ekspedisiya fəaliyyət göstərir. Bu ekspedisiyaların tədqiqat obyektləri ibtidai insan düşərgələri, qədim yaşayış məskənləri, erkən şəhər tipli yaşayış yerləri, müxtəlif tipli qəbir abidələridir. Etnoqrafik ekspedisiyalar xalqımızın maddi və mənəvi mədəniyyətinə aid bütün dövrləri əhatə edən geniş tədqiqatlar aparırlar. Türkiyə, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya, İtaliya, Fransa, Koreya, ABŞ və digər ölkələrdən elm adamlarının iştirakı ilə keçirilən konfrans noyabrın 14-dək davam edəcəkdir.