XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Dekabr, 2013
Azərbaycan Prezidenti İlham Əliyev Xalça Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olmuşdur

Xalça MuzeyiDekabrın 2-də Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olmuşdur.
Tətbiqi sənətin nadir nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşmişdir.


Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin Sərəncamına əsasən Muzey üçün xüsusi binanın tikilməsi qərara alınmışdı. Hazırda orijinal üslubda inşa olunmuş binada tikinti-quraşdırma işləri tam başa çatdırılaraq son tamamlama işləri aparılır. Burada 15 mindən çox eksponatdan ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün binada müasir tipli sərginin nümunəsi yaradılır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verdi ki, müəllifi tanınmış avstriyalı memar Frans Yants olan Muzeyin yeni binasının əsas təyinatına ekspozisiya sərgilərinin təşkili, maarifləndirici proqramların işlənib hazırlanması, qeyri-maddi mədəni irsin qorunması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi daxildir.
Muzeyin ekspozisiyası xalça sənətində əsas bədii istiqamətləri dəqiq əks etdirməklə onların özünəməxsus xüsusiyyətlərini, həmçinin materiallarını, işləmələrin texnikasını, incə və çox dərin bədii xüsusiyyətləri ilə ahəngdarlığını, aydın şəkildə təsnifatını açıq göstərir. Prezident İlham Əliyev Xalça Muzeyinin yeni binasında ekspozisiyanın yerləşdirilməsi sxeminə baxdı. Burada Muzeyin 3D görüntüsü də təqdim olunur.
Xalçaların toxunması və naxışları barədə qısa filmin təqdimatından sonra dövlətimizin başçısı sərgilənən xalçalarla tanış oldu. Prezident İlham Əliyev Azərbaycanda ən böyük ölçülü xalçaya baxdı.Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Muzeydə nümayiş zalı da vardır. Burada xalçalar, naxışlar, xalçaçılıq sənətindəki ənənələr barədə filmlər nümayiş olunacaqdır. Dövlətimizin başçısı buradakı xidməti otaqlara da baxdı.
Bildirildi ki, terrasda açıq səma altında sərgilərin təşkili mümkün olacaqdır. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.