Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan Milli Elmlər Akademiyası ilə Polşa Elmlər Akademiyası arasında Varşava şəhərində keçirilən əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində iştirak etmişdir. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin və Polşa EA-nın prezidenti, professor Mixal Kleyberin imzaladıqları əməkdaşlıq protokolunda qarşılıqlı elmi proqramların, birgə layihələrin həyata keçirilməsi, konkret sahələr, xüsusən də astrofizika, geologiya, şərqşünaslıq, türkologiya, arxeologiya istiqamətlərində birgə fəaliyyətin təmin edilməsi, beynəlxalq miqyaslı tədbirlərin hazırlanıb həyata keçirilməsi məsələləri öz əksini tapmışdır.
Akademiyalararası əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov, AMEA-nın vitse-prezidenti və akademik İsa Həbibbəyli iştirak etmişlər. Mərasimdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan-Polşa elmi əlaqələrinin yenidən qurulmasının milli-mənəvi dəyərlər əsasında ölkəmizin Qərbyönümlü inkişafına və Avropanın “Şərq tərəfdaşlığı” proqramının uğurla həyata keçirilməsinə fayda verəcəyini bildirmişdir. Polşa EA-nın prezidenti, professor Mixal Kleyber AMEA ilə əlaqələrin böyük perspektivə malik olduğunu nəzərə çarpdırmışdır. Mərasimdə AMEA-nın və Polşa EA-nın prezidentləri Akif Əlizadə və Mixal Kleyberə elmi əlaqələrin inkişafında uğurlu başlanğıca görə Azərbaycanın Varşavadakı səfirliyinin təsis etdiyi fəxri medallar təqdim olunmuşdur. AMEA-nın nümayəndə heyəti Varşavada Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə keçirilən Azərbaycan-Polşa İkinci Beynəlxalq elmi konfransında da iştirak etmişdir. AMEA-nın prezidenti, akademik Akif Əlizadə Beynəlxalq elmi konfransda “Azərbaycan-Polşa elmi əlaqələri: keçmişdən gələcəyə, ənənədən müasirləşməyə” mövzusunda məruzə ilə çıxış etmişdir. Böyük maraqla qarşılanan məruzədə elmi əlaqələrdə tarixi təcrübəyə yaradıcı yanaşma ilə müasirləşmənin sintezinin əhəmiyyəti, o cümlədən Azərbaycan-Polşa elmi münasibətlərində yeni dövrün yaratdığı imkanların dəyərləndirilməsi zərurəti diqqət mərkəzinə çəkilmişdir. Beynəlxalq elmi konfransda Krakov Akademiyası Mədəniyyətşünaslıq İnstitutunun əməkdaşı Yanuş Smoluxanın “Uzun Həsən və Kazimir Yagellonçik: Polşa ilə Azərbaycan arasında ilk diplomatik əlaqələrin yaranması” mövzusunda məruzəsində ölkələrimizin hələ 541 il bundan əvvəl rəsmi şəkildə əlaqələr qurduqları aşkar olunmuş arxiv materialları ilə əsaslandırılmışdır. Polşa alimlərinin Azərbaycan-Polşa əlaqələrinin tarixi və gələcəyi haqqındakı məruzələrində bir çox yeni və ciddi mətləblərdən bəhs edilmişdir. Varşava Universiteti Türkologiya İnstitutunun direktoru, doktor Aqata Bareya-Stajinskanın “Türkologiya elmi yeni mərhələdə”, Qdansk Universitetinin əməkdaşı Andrey Xodubskinin “Polşa-Azərbaycan əlaqələrinin əsas inkişaf meylləri”, Lodz Universitetindən Zoya Karkuşanın “XIX-XX əsrlərin kəsişməsində Lodz fabrik sahibləri tərəfindən Azərbaycanda pambıq plantasiyalarının yaranma tarixi”, Kopernik adına Torun Universitetindən Aqneska Bricin “Polşa-Rusiya münasibətlərində Azərbaycan” mövzularındakı məruzələrində tarixi ənənələrdən və müasir inkişafdan geniş söz açılmışdır. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycan-Polşa əlaqələrində ədəbiyyat məsələləri”, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “IX-X əsrlər ərəb mənbələri və erkən orta əsr Azərbaycanının tarixi-siyasi coğrafiya məsələləri”, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın “Arxeologiya və etnoqrafiya elmi müasir mərhələdə”, Bakı Slavyan Universitetindən Məlahət Mustafayevanın “Azərbaycan və polyak dillərinin taleyində tarixi oxşarlıqlar”, Ziyafət Qasımovanın “Müstəqillik dövründə Azərbaycanda dil və əlifba məsələləri”, Varşava Universitetindən Şəhla Kazımovanın “Nizami Gəncəvinin “Xəmsə”sinə çəkilmiş illüstrasiyalar” və digər məruzələr Beynəlxalq elmi konfransın iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Varşava Universitetinin konsert salonunda Beynəlxalq konfransın iştirakçılarının şərəfinə Azərbaycan və Polşa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı nümayiş etdirilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.