XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Dekabr, 2013
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Kiyevdə keçirilən tədbirlərdə iştirak edir

Kiyevdə keçirilən tədbirMilli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi heyəti tərkibində Kiyevdə keçirilən tədbirlərdə iştirak edir. Qeyd etmək lazımdır ki, Ukrayna Milli Elmlər Akademiyasının (MEA) Böyük Konfrans salonunda Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (BEAA) 20 illiyinə və onun prezidenti, Ukrayna Milli Elmlər Akademiyasının rəhbəri akademik Boris Patonun anadan olmasının 95 illiyinə həsr edilmiş təntənəli tədbirlər keçirilir.


Mənzil-qərargahı Kiyevdə yerləşən Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının tərkibinə MDB üzvü olan bütün ölkələrin, Gürcüstanın və Vyetnamın milli elmlər akademiyaları, habelə Müstəqil Dövlətlər Birliyində və dünyada tanınmış bir sıra elmi təşkilatlar, universitetlər və fondlar daxildir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, vitse-prezident, akademik İbrahim Quliyev və Milli Azərbaycan Tarixi muzeyinin direktoru, akademik Nailə Vəlixanlının daxil olduğu rəsmi nümayəndə heyəti də tədbirdə iştirak etmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri, akademik Akif Əlizadə tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik məktubunun mətnini oxumuş və həmin məktubu Boris Yevgenyeviç Patona təqdim etmişdir. A.Əlizadə daha sonra Boris Patona “Azərbaycan xalçaları” kitabını və əl işi olan nəfis xalça təqdim etmişdir.
Sonra Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının prezidenti, Ukrayna Milli Elmlər Akademiyasının rəhbəri akademik Boris Patonun adından təntənəli nahar verilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti A.Əlizadə başda olmaqla AMEA nümayəndə heyətinin üzvləri Ukrayna paytaxtında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkla tanış olmuş, ulu öndərin abidəsi önünə tər çiçəklər qoymuş, daha sonra ölkəmizin Kiyevdəki səfirliyində olmuşlar.