Xaçmazda Əziz Əliyev Muzeyinin açılış mərasimi keçirilib. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ardından qonaqlar ümummilli liderin adını daşıyan mərkəzlə tanış olublar.
Daha sonra Xaçmazda inşa edilən Əziz Əliyev muzeyinin açılışına həsr olunan tədbir keçirilib. Mərasimə Dağıstan Respublikasından gələn 30 nəfərlik nümayəndə heyəti ilə yanaşı, Azərbaycanın yüksək rütbəli dövlət xadimləri, millət vəkilləri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri qatılıb. Bildirilib ki, Əziz Əliyev özünün çoxcəhətli fəaliyyəti, humanizmi və qayğıkeşliyi sayəsində Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun simvollarından birinə çevrilib. Bu dostluq illər ötdükcə daha da möhkəmlənib. Ardından tədbir iştirakçıları muzeyin rəsmi açılışını bildirən qırmızı lenti kəsib.
Açılışda çıxış edən Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev Əziz Əliyevin keçdiyi şərəfli həyat yolundan, yerli sakinlərə olduqca dəstək olmasından ətraflı danışdı.
Tədbirə qatılan baş nazirin müavini Əli Əhmədov Əziz Əliyevi görkəmli şəxsiyyət kimi belə xarakterizə etdi: “Əziz Əliyev təkcə Azərbaycanın tarixində deyil, eyni zamanda, Dağıstanın tarixində də həlledici rol oynamış şəxsiyyətlərdən biridir”. Əziz Əliyevin oğlu Cəmil Əliyev atasının xatirəsinin uca tutulmasından razı qaldığını bildirdi: “Bu yeganə muzeydir ki, Xaçmazda açılıb. Mən fəxr edirəm ki, burada mənim atamın belə bir muzeyi açılır. Məhz Xaçmazda açılır. Nəyə görə Xaçmazda? Çünki mənim atam Dağıstanı çox sevirdi. Dağıstanla sərhəddir. Mən şadam ki, Dağıstandan gələn qonaqlar burdan keçib bu muzeyi ziyarət edəcəklər”.
Muzeyin açılış mərasimində iştirak edən Dağıstan rəsmiləri Əziz Əliyevin Dağıstana və Dağıstan xalqına böyük xidmətlər göstərdiyini və onun hamı tərəfindən xoş xatirələrlə anılacağını bildirib.
Əziz Əliyev Muzeyinin inşasına bu ilin avqust ayında başlanılıb. 220 kv.m sahəsi olan muzey 1 zal, 2 otaqdan ibarətdir. Mərkəzdə görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 100-ə yaxın foto və rəsmi sənədlər toplanıb. Muzeylə tanış olan tədbir iştirakçıları mərkəzin xatirə kitabına ürək sözlərini yazıb, xatirə şəkili çəkdirib.
Muzeyin təşkilində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları yaxından iştirak etmiş, tələb olunan elmi, metodiki və texniki köməyi göstərmişlər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.