XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Yanvar, 2014
Bakının qədim tarixi rəmzi sayılan Qız qalası yenidən qapılarını ziyarətçilərin üzünə açmışdır

Milli memarlığımızın nadir nümunəsi, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qız qalası konservasiya işləri və yeni muzey ekspozisiyasının yaradılmasından sonra qapılarını ziyarətçilərin üzünə açmışdır. AzərTAc xəbər verir ki, Qız qalasının muzey konservasiyası 2009-cu ildə Nazirlər Kabinetinin təsdiq etdiyi plana uyğun olaraq görülmüşdür. Bərpa ilə paralel olaraq abidədə tədqiqat işləri də aparılmışdır. Araşdırmalara beynəlxalq ekspertlər cəlb olunmuş, qalada maraqlı faktlar üzə çıxmışdır.


Bundan əlavə, qalanın fasadında taxta elementləri aşkar olunmuşdur. İlkin ehtimallara görə, bu, Qız qalasının indiyədək məlum olmayan giriş hissəsidir. Konservasiyadan sonra muzey ekspozisiyası da yenidən qurulmuşdur. Artıq qapılarını yerli və xarici qonaqların üzünə açan Qız qalasında ziyarətçilər ən müasir, yeni texnologiyalardan istifadə edə biləcəklər. Ekspozisiya həm əcnəbilərin, həm də yerli sakinlərin marağına səbəb olmuşdur. Ziyarətçilər mərtəbələrdə quraşdırılan monitorlar vasitəsilə ingilis və Azərbaycan dilində məlumat əldə edə bilirlər. Bununla yanaşı, xəritədə əksini tapan hansı maketin üzərində qırmızı işıq yanırsa, həmin abidə haqqında məlumat əldə etmək mümkün olur. Ekspozisiyanın növbəti bölməsində Qız qalasının müdafiə obyekti rolunu oynaması ilə bağlı fərziyyə və elmi araşdırmalardan bəhs edilir. Qalanın 6-cı və 7-ci mərtəbələri xüsusi özəlliyi ilə fərqlənir. Bu mərtəbələrdə müdafiə istehkamları və Azərbaycan milli kinolarına aid görüntülər öz əksini tapır. Rəvayətlərə görə, qala qədimdə rəsədxana rolunu oynamışdır. Bərpa işləri zamanı bu nüans da nəzərə alınmışdır. Ümumilikdə, bu maddi mədəniyyət abidəsində həyata keçirilən konservasiya işləri və yeni yaradılan muzey ekspozisiyası zəngin təəssürat və xoş ovqat yaradır, insanı Qız qalasının doğurduğu heyranlığın mahiyyətinə daha dərindən varmağa yönəldir.