XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Yanvar, 2014
“ 20 yanvar – hüzn və qürur gunumuz “ sərgisinin açılış mərasimi keçirilmişdi

2014-cü il yanvarın 16-da AMEA Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə “20 - yanvar hüzn və qürur ğünü ” adlı sərginin açılışı ilə baqlı tədbir keçirildi.     


      

Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Səbayıl rayon təşkilatının fəalları, respublikanın müvafiq dövlət idarələrinin nümayəndələri, alimlər, tədqiqatçılar, ali təhsil ocaqlarının müəllim və tələbələri və kütləvi informasiya vasitələri nümayəndələri iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı 1990-cı ilin yanvarında sovet totalitarizminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətdən bəhs etdi.

Qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandıran N.Vəlixanlı bu günün heç zaman yaddaşlardan silinməyəcəyini qeyd etmişdir. Vurğulanmışdır ki, həmin gün nə qədər hüznlə anılsa da, bir o qədər də xalqımızın şərəf tarixi kimi yada salınır. Qeyd edilmişdir ki, Qanlı 20 Yanvar gecəsində silahlı sovet ordusu xalqımızın azadlıq mübarizəsini qıra bilməmişdir. Məhz bu əzmin, mübarizənin sayəsində xalqımız azadlığına qovuşmuşdur. Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək artıq 24 ildir ki, ölkəmizdə və dünyanın müxtəlif yerlərində 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır. Xalqımızın tarixinə qara hərflərlə yazılmış Qanlı 20 Yanvar hadisələrindən söhbət açan A. Mirzəzadə bu siyasətin keçmiş sovet imperiyası tərəfindən düşünülmüş şəkildə həyata keçirildiyini bildirmişdir. A.Mirzəzadə həmin vaxt xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəyə qarşı kəskin etirazını bildirdiyini xatırlatmışdır. Vurğulamışdır ki, 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət məhz ulu öndər, müdrik şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə verilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı sədrinin müavini Muxtar Nağıyev, 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova sovet imperiyası ordusunun törətdiyi qanlı qırğınlardan, azadlıq arzusunda olan insanların qəddarcasına qətlə yetirilmələrindən söhbət açmışlar.

Tədbirdə 1990-cı ilin yanvarında sovet totalitarizminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətdən bəhs olunacaq, həmçinin 20 yanvar hadisələrinin Azərbaycan xalqının qəhrəmanlıq tarixində tutduğu yerdən söhbət açıldı.

Azərbaycan uşaq və gənclərin Sülh şəbəkəsinin şagirdləri “Ağla, qərənfil, ağla“ adlı ədəbi- bədii kompozisiya göstərdi, Baki şəhəri E.Misirxanov adına 71 saylı orta məktəbin şagirdləri şerlər oxudular. Daha sonra Bülbül adına orta ixtisas məktəbinin yuxarı sinif şagirdləri qəmgin klassik və Azərbaycan xalq musiqilərini ifa edilər. Azərbaycan Dövlət Opera və Balet teatrının solisti Elnur Zeynalov Azərbaycan xalq mahnıları, eləcə də vətənperlik və qəhrəmanlıq mahnıları ifa etdi.

Tədbirin sonunda “İrs-Наследие“ beynəlxalq jurnalının müvafiq nömrələri tədbir iştirakçılarına paylandı.

Sərgidə 20 yanvar şəhidlərinə məxsus olmuş əşyalar, sənədlər nümayiş olundu.

20 yanvar – Ümumxalq hüzn gününə həsr olunmuş tədbirin əsas məqsədi 20 yanvar  şəhid ailələrininin Muzeyə təqdim etdikləri və şəhidlərə məxsus olmuş şəxsi əşyalar, sənədlər, nadir fotoşəkilləri ictimayyətin diqqətinə təqdim edildi.

Sərgidə 28 şəhidin əşya və sənədləri, o cümlədən Məmmədova Larisanın qiymət cədvəli və fotoşəkilləri; Xanməmmədov Cəbrayılın güllə ilə deşilmiş sviteri, onun bədənindən çıxarılmış güllə; Xanməmmədov Babanın 20 yanvar gecəsi əynində olmuş köynəyi və şəxsi əşyaları; Məmmədov İbişin qanlı gecə geydiyi paltarları, köynəyi, qalstuku, kəməri, üzüyü və sənədləri; Məmmədov Eldarın anasına yazdığı məktub və şeir və materiallar nümayiş olundu.

Sərgidə həmçinin 20 yanvarla bağlı qəzetlər nümayiş olundu.

Sərgi martın 1-dək fəaliyyət göstərəcək.

 

Tədbirin fotoşəkilləri ilə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.