Cari il yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi ilə bağlı paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidənin önündə mərasim keçirilib. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, mədəniyyət, elm xadimləri, media təmsilçiləri, ictimaiyyət nümayəndələri, həmçinin Muzeyin direktor, akademik Nailə Vəlixanlı iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə abidənin önünə əklil və gül-çiçək dəstələri qoyaraq Xalq Cümhuriyyətinin banilərinin əziz xatirəsini hörmətlə yad ediblər. Mərasimi giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2013-cü il tarixli sərəncamına əsasən Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd edildiyini, eyni zamanda qardaş Türkiyədə, soydaşlarımızın yaşadıqları müxtəlif ölkələrdə yubileylə bağlı tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Xalq Cümhuriyyətinin tariximizdə xüsusi mərhələ təşkil etdiyini bildirib, bu yolda Məhəmməd Əmin Rəsulzadənin böyük xidmətlər göstərdiyini vurğulayıb. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın milli dövlətçilik tarixi ilə yanaşı, ədəbiyyatımızda, milli jurnalistikanın inkişafında böyük xidmətləri olduğunu diqqətə çatdırıb. Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi münasibətilə respublikada yubiley tədbirləri davam etdirilir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.