XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Mart, 2007
Azərbaycan Tarixi Muzeyində ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti ilə bağlı tədbir

30 mart 2007-ci il tarixdə Azərbaycan Tarixi Muzeyində Gənc Alimlər Şurasının təşkil etdiyi “ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti" ilə bağlı tədbir keçirildi.


Tədbiri giriş sözü ilə açan şuranın sədri tarix elmləri namizədi Bəhmən Kərimov ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinin tarixindən danışdı: “Ermənilərin əsas məqsədi Azərbaycan xalqının milli əzmini, qürurunu əzmək olub. Ermənilərin qondarma soyqırım həşirinə cavab olaraq biz tarixi faktlara əsaslanaraq xalqımızın yaşadığı soyqırımları müntəzəm şəkildə dünya ictimaiyyətinə çatdırmalıyıq".

Sonra muzeyin əməkdaşı gənc alim Emin Məlikov “Osmanlı imperiyasında erməni məsələsi" məruzəsi ilə çıxış edərək XIX əsrin sonlarında osmanlı imperiyası ərazisində erməni komitələrinin yaranmasından, ermənilərin qondarma soyqırım siyasətini yürütməsindən danışdı.

Elmi işçi Fariz Xəlilli “Azərbaycanlıların soyqırımı və Qafqaz İslam ordusu" məruzəsi ilə çıxış edərək, ermənilərin Bakıda törətdikləri qətllərlə bağlı vəhşilik faktlarını nəzərə çatdırdı.

Muzeyin elmi işçisi Fuad Ağayev “1918-ci il soyqırımı ilə 20 yanvar və 26 fevral faciələrinin paralelləri" məruzəsi ilə, muzeyin aspirantı Aygün Məmmədova “Tarixi gerçəkliklər 31 Mart hadisəsi timsalında" məruzəsi ilə çıxış etdilər.

Daha sonra çıxış edən muzeyin direktoru AMEA-nın müxbir üzvü Nailə Vəlixanlı gənc alimlərə tariximizin qan yaddaşını təkcə anım günlərində deyil, hər zaman təbliğ etməyi məsləhət gördü: “Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra tariximizdə baş verən siyasi hadisələr, sovet təbliğat maşınının “beynəlmiləlçilik" şüarı soyqırım, deportasiya, represiya kimi faciələri unutdurmağa çalışmışdır. Erməni xislətini gözəl bilən o dövrdə yaşayan ziyalılarımız vətən xaini adı ilə damğalanmışlar. Bu gün respublikamız müstəqilliyini əldə etdikdən sonra haqq sözünü demək imkanından ilk növbədə biz tarixçilər yetərincə istifadə etməliyik".

Sonda 31 Mart soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edildi.