XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Mart, 2014
ARDNŞ-nin Ukraynadakı nümayəndəliyi Taras Şevçenko Milli Muzeyinə eksklüziv səyyar ekspozisiya hədiyyə etmişdir

Görkəmli Ukrayna şairi Taras Şevçenkonun anadan olmasının 200 ilik yubileyi şərəfinə Ukrayna paytaxtındakı Taras Şevçenko Milli Muzeyinin bərpadan sonra açılışı günündə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kiyevdəki nümayəndəliyi muzeyə eksklüziv səyyar ekspozisiya hədiyyə etmişdir.



Ekspozisiya Ukraynanın görkəmli şair və mütəfəkkirinin həyat və yaradıcılığından bəhs edən on iki bannerdən ibarət, asanlıqla transformasiya oluna bilən konstruksiyadır. Onun yaradılması üçün Taras Şevçenko Milli Muzeyinin 150 il ərzində böyük zəhmət bahasına formalaşdırılmış nadir kolleksiyasına daxil olan ən qiymətli materiallar rəqəmsal formata köçürülmüş və istifadə edilmişdir. Muzeyin təmirdən sonra təntənəli açılışında Ukrayna hökuməti təmsil edən yüksək vəzifəli şəxslər, Kiyevdə akkreditə edilmiş diplomatik korpusun və ziyalıların nümayəndələri, mesenatlar iştirak etmişlər. Onların arasında Ukraynanın yeni təyin edilmiş mədəniyyət naziri Yevgeni Nişşuk, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, ARDNŞ-nin Kiyevdəki nümayəndəliyinin rəhbəri Elçin Məmmədov da olmuşlar. Səyyar ekspozisiya Taras Şevçenko Milli Muzeyində təqdim olunandan sonra Ukraynanın başqa şəhərlərində və digər ölkələrdə dövlət idarələrində, muzeylərdə və incəsənət mərkəzlərində, həmçinin ali məktəblərdə nümayiş etdiriləcəkdir. Yeri gəlmişkən, Taras Şevçenkonun 200 illik yubiley Ukraynada deyil, onun hüdudlarından kənarda da geniş qeyd edilir. Bakıda Ukrayna xalqının bu böyük oğluna beş il bundan əvvəl abidə qoyulmuşdur. Bu günlərdə Azərbaycan paytaxtında Taras Şevçenkoya həsr edilmiş elmi konfranslar, sessiyalar və sərgilər keçirilir. Elçin Məmmədov AzərTAc-ın müxbirinə müsahibəsində demişdir: “ARDNŞ Azərbaycan ilə Ukrayna arasında mədəniyyət və təhsil sahələrində əlaqələri dəstəkləyir, iki dost ölkənin tarixi irsini populyarlaşdırır”.

Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri

Kiyev