Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə tariximiz üçün çox vacib olan sənədlər axtarılaraq, əldə edilmiş və Bakıya gətirilmişdir.
Dövlətimizin başçısı Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin Azərbaycan və fransız dillərində nüsxələrinin AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilməsini qərara almışdır.
AzərTAc xəbər verir ki, bununla bağlı muzeydə mərasim keçirilmişdir.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Əli Əsədov bildirmişdir ki, 1918-ci il mayın 28-də Azərbaycanın tarixi üçün çox vacib olan İstiqlal Bəyannaməsi qəbul edilmişdir.
Gənc müstəqil ölkənin bu ilk sənədinin tarixi əhəmiyyətini qeyd edən Əli Əsədov diqqətə çatdırmışdır ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürsə də, bu müddətdə milli dövlətçiliyimiz üçün mühüm işlər görülmüş, bir çox qərarlar, qanunvericilik aktları hazırlanmış, dekabrın 7-də müsəlman Şərqində Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə ilk parlament fəaliyyətə başlamışdır.
Birinci Dünya müharibəsinin sonunda, 1919-cu ildə sülh müqavilələrinin bağlanması və yeni dünya xəritəsinin formalaşması üçün Parisdə Sülh Konfransı çağırılmışdır. Gənc müstəqil Azərbaycan hökuməti 27 ölkə ilə yanaşı, dövlətimizin nümayəndə heyətinin də həmin konfransda iştirakını qərara alır. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə yollanan nümayəndə heyətinin məqsədi Azərbaycanın gənc müstəqil dövlət kimi de-fakto tanınmasına nail olmaq idi. Nümayəndə heyəti özü ilə əsas sənəd kimi İstiqlal Bəyannaməsinin Azərbaycan dilində əski əlifba ilə yazılmış nüsxəsini və fransız dilinə tərcümə olunmuş variantını aparmışdır.
Müstəqilliyimizin bir illiyi qeyd edilən gün - 1919-cu il mayın 28-də Sülh Konfransında əsas fiqurlardan biri sayılan ABŞ Prezidenti Tomas Vudro Vilson ilə Azərbaycan nümayəndə heyətinin görüşü olmuşdur.
Görülən işlər nəticəsində 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanı de-fakto müstəqil dövlət kimi tanımışdır. Amma Azərbaycanın işğala məruz qalaraq müstəqilliyini itirməsi səbəbindən nümayəndə heyəti Azərbaycana qayıda bilməmiş, sənədlər isə itmişdir.
Prezident Administrasiyası rəhbərinin müavini dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə tariximiz, dövlətçiliyimiz üçün çox vacib olan bu sənədlərin axtarılaraq əldə edildiyini və ölkəmizə gətirildiyini bildirmişdir. Azərbaycan Prezidentinin siyasi iradəsi ilə bu sənədlər 94 ildən sonra öz layiqli ünvanına - Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunmuşdur.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qiymətli sənədlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirmiş, onların muzeyin ən qiymətli eksponatlarından olacağını, buraya gələn bütün ziyarətçilərin Azərbaycan Xalq Cümhuriyyətindən yadigar qalan həmin eksponatlarla tanış ediləcəyini söyləmişdir.
Akademik Nailə Vəlixanlı Prezident İlham Əliyevin muzeyə olan diqqət və qayğısından danışmış, muzey binasının bərpasının da məhz dövlətimizin başçısının tapşırığı ilə həyata keçirildiyini qeyd etmişdir.
“Muzey üçün yeni eksponatların əldə edilməsi çox vacibdir”,- deyən direktor burada 7 minə yaxın eksponatın bərpa olunduğunu, bərpa laboratoriyası üçün müasir avadanlığın alındığını diqqətə çatdırmışdır.
Nailə Vəlixanlı bir daha muzeyin işçiləri adından dövlətimzin başçısına minnətdarlığını bildirərək ölkəmizin şanlı tarixini özündə əks etdirən Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin Azərbaycan və fransız dillərində nüsxələrinin muzeyin eksponatları arasında öz layiqli yerini tapacağını vurğulamışdır.
Tədbirin fotoları ilə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.