XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 May, 2014
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Dost əllərin hədiyyələri” adlı sərgisinin açılışı olmuşdur

16 may 2014-cü il tarixdə AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Dost əllərin hədiyyələri” adlı sərginin açılış mərasimi keçirildi.


İki hissədən ibarət olan tədbirdə AMEA Prezidenti, akademik Akif Əlizadə, akademiklər İbrahim Quliyev, Akif Hacıyev, müxbir üzvlər Teymur Kərimli, İlyas Babayev, AMEA institut direktorları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatları, o cümlədən səfirlər, muzey əməkdaşları, alimlər, tədqiqatçılar, ali təhsil ocaqlarının müəllimləri, tələbələri və KİV nümayəndələri iştirak edirdilər.

Mərasimin bədii hissəsində Azərbaycanda Rus icması Mədəniyyət Mərkəzinin “Dünya xalqlarının rəqsləri” dərnəyinin və Azərbaycan Uşaq və Gənclər Sülh şəbəkəsinin rəqs ansamblının ifasında müxtəlif ölkələrin rəqsləri nümayiş olundu.

Tədbirin rəsmi hissəsini giriş sözü ilə çıxış edən muzeyin direktoru, akademik  Nailə Vəlixanlı təqdim olunan beynəlxalq hədiyyələrin tarixindən, dəyərlərindən, Azərbaycan Respublikasının müxtəlif ölkələrlə əməkdaşlıq əlaqələrindən bəhs etdi. Bildirdi ki, muzeyin kolleksiyasında 800-dən artıq eksponat qorunmaqdadır. Həmin eksponatlar müxtəlif fondlarda: hədiyyələr və xatirə əşyaları fondu (bütün növ hədiyyələr), incəsənət fondu (rəsm əsərləri), etnoqrafiya fondunda (xalçalar) saxlanılır.

Daha sonra qonaqlar sərgi zalına dəvət olundular.

Tədbirin sonunda qonaqlara “İrs-Наследие” beynəlxalq jurnalının müxtəlif dillərdə olan nüsxələri paylanmışdır.