Sentyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan neft sənayesinin tarixində xüsusi yer tutan “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə “Azərbaycanın neft salnaməsi” kataloqunun və eyni adda sərginin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən akademik Nailə Vəlixanlı bildirib ki, kataloq muzeyinin fondlarında qorunan və Azərbaycan neftinin tarixini əks etdirən materiallar əsasında hazırlanıb. Dörd tematik bölmədən ibarət kataloqda Azərbaycanda neft hasilatı və emalının tarixi barədə məlumat verilir, 1000-dək unikal eksponatın fotoşəkli təqdim olunur. XIX–XX əsrin əvvəllərinə aid nadir tarixi fotoşəkillər, texniki qurğu və alətlər, fəhlə geyimləri, sənədlər ölkəmizin neft sənayesinin inkişafını əyani olaraq təsəvvür etməyə imkan verir.
Vurğulanıb ki, “Neft Daşları”, “Əsrin müqaviləsi” kimi böyük layihələrlə bağlı materiallara kataloqda xüsusi yer ayrılıb.
Qeyd edilib ki, Azərbaycan və rus dillərində nəşr olunan bu kataloq “bp-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə işıq üzü görüb.
Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək, ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib.
Tədbirdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev “Əsrin müqaviləsi”nin Azərbaycan elminin inkişafına verdiyi dəyərli töhfələrindən söz açıblar.
Sonra tədbir iştirakçıları “Azərbaycanın neft salnaməsi” sərgisi ilə tanış olublar.
Burada Azərbaycanın neft tarixi ilə bağlı 600-dək eksponat nümayiş olunur. Sərginin maraqlı xüsusiyyətlərindən biri də burada Xalq Rəssamı Maral Rəhmanzadənin “Neft” silsiləsindən olan və hələ 1947-ci ildə hazırladığı 10 orijinal litoqrafiyanın nümayişidir.
Sərgi 2015-ci ilin yanvarın 15-dək davam edəcək.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.