Xəbər verildiyi kimi, bu il Azərbaycan tarixində ilk muzey sayılan AMEA Milli Azərbaycan Tarixi Muzeyinin yaradılmasının 90 ili tamam olur. Bu münasibətlə muzeyin rəhbərliyi tərəfindən bir sıra silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Artıq bu tədbirlərə ”Sualtı arxeologiya - 40 il” sərgisi ilə start verən muzey öz işini “Muzey eksponatlarının ikinci həyatı” (Bərpa olunan muzey eksponatları) sərgisi və “Mədəni irsin qorunmasında muzeylərin problemləri” mövzusunda keçirdiyi elmi seminarla davam etdirib.
Muzeyin sərgi salonunda təşkil olunan sərgi ilə tanışlıqdan sonra respublikanın müxtəlif regionlarından gələn muzey əməkdaşlarının iştirak etdiyi elmi seminar keçirilib.
Seminarı açan AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı təşkil olunan sərgiyə verilən adın təsadüfi olmadığını bildirdi: ”Sərgiyə verdiyimiz ad təsadüfi deyil. Burada nümayiş olunan hər bir eksponat bərpa olunaraq ikinci həyat alıblar”. N.Vəlixanlının bildirdiyinə görə, muzeydə saxlanılan “ən yaşlı” eksponat təxminən 30-35 min il bundan əvvələ məxsusdur. O, bu seminarın keçirilməsinin hesabat xarakteri daşıdığını, muzeylərin qorunmasında, konservasiyasında, bərpa və eksponatların alınmasında hansı işlərin görüldüyünü və problemlərin həlli istiqamətində müzakirələrin aparılacağına yönəldiyini qeyd etdi. Akademikin bildirdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan və Nazirlər Kabinetinin ayırdığı vəsait hesabına muzeyə 2000-dək yeni eksponat alınıb ki, hansı ki, bu eksponatlar indiyə qədər maddi vəsaitin çatışmazlığı səbəbindən xarici ölkələrə aparılırdı. N.Vəlixanlı deyib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 5 il ərzində (2009-2014) muzeylərin bərpası, təmiri, mühafizəsi və eksponatların bərpası ilə bağlı görülən işlər başa çatdırılmalıdır. “Amma problem təkcə bu sadalananlarla bitmir. Regiondakı muzeylərin bərpası, təmiri və mühafizəsi ilə yanaşı, onların kompyuterləşdirilməsi, internet şəbəkəsinə qoşulması da vacibdir” deyə, N.Vəlixanlı bildirib.
Ötən əsrin 20-ci ilindən 60-cı ilinə qədər respublika ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan bütün əşyalar Milli Azərbaycan Tarixi Muzeyində saxlansa da, son illər qazıntılar zamanı tapılan qızıl əşyaların muzeyə veilməməsi, yerli muzeylərdə saxlanılması narahatlıq yaradır. Muzey rəhbərliyini narahat edən problemlərdən biri də bəzi muzeylərdə əşyaların qarışıq yerləşdirilməsi, onalrın xronologiyasına diqqətin yetirilməməsidir. Üç ildir muzeyin elektron kataloqunun yaradılması üçün layihə ilə aidiyyatı təşkilatlara müraciət edilməsinə baxmayaraq, bu məsələ də açıq qalır. Bərpaçı-rəssamların xarici ölkələrə ezam olunmasında, xüsusilə, parça məmulatlarından hazırlanan eksponatların bərpası zamanı yaranan problemlər seminar iştirakçılarının müzakirə etdiyi məsələlərdən olub.
Daha sonra çıxış edən muzeyin fond işləri üzrə direktor müavini Məhfuzə Zeynalova yaşı minilliklərlə ölçülən muzeydəki 300 minə yaxın eksponatın mühafizə edilməsinin mürəkkəb olduğununu bildirib. ”2005-ci ildən muzeydə bərpa işlərinə başlanılıb ki, bunun da nəticəsində cəmi 800-ə yaxın eksponatı bərpa etmək mümkün olub”.
Muzeyin arxeologiya elmi fond şöbəsinin müdiri, tarix elmləri namizədi Fariz Xəlili çıxışında muzeylərin mövcud problemlərini qeyd edib: muzey binalarının uyğunsuzluğu, binalarda havalandırma sisteminin olmaması, bir sıra muzeylərdə vitrinlərin olmaması, eksponatların podium şəklində nümayiş etdirilməsi, muzey işində peşəkarların az olması və yaxud təsadüfi adamların muzeylərdə çalışmaları, mövcud sosial problemlər və s.
Müasir dünyada mədəni irsin elektron sənədləşdirilməsi ən vacib problemlərdəndir. Arxeoloji materiallar isə mədəni irsin əsas elementlərindən olduğu üçün ilkin olaraq onların məlumat bazasının yaradılması, elektron pasportlaşdırılması mühüm məsələlərdən sayılır.
2007-ci ildə Milli Azərbaycan Tarixi Muzeyi bu problemləri aradan qaldırmaq üçün arxeologiya fondunun xüsusi pasport-proqramının hazırlanmasına başlayıb. Hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyində 3000-dən çox arxeoloji materialın elektron pasportu yaradılıb. Muzeyin əməkdaşları yaxın günlərdə pasport proqramını internetdə yerləşdirməyi də düşünürlər.
Seminarın sonunda iştirakçılar qaldırılan məsələlərlə bağlı Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə müraciət ünvanlamağı qərara aldılar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.