XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Yanvar, 2010
“Şəhidlər sınmayan vüqarımızdır”

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Yeni İstedadlar Uşaq və Gənclər Təşkilatının (YİUGT) təşkilatçılığı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Şəhidlər sınmayan vüqarımızdır” adlı anım tədbiri keçirildi.


Tədbiri açan AMEA-nın vitse-prezidenti, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı əvvəlcə hadisənin baş vermə tarixini uşaqlara xatırlatdı. ”Bu hadisələr baş verəndə biz SSRİ adlanan nəhəng bir dövlətin vətəndaşları idik. Kommunist Partiyasının rəhbərləri bizə həmişə firavan həyat vəd edirdilər. Onlar bizi buna elə inandırmışdılar ki, həmin gün nə baş verdiyini anlaya bilmədik. Onlara olan bu inamımızdan idi ki,bizim vətəndaşlar silahlı ordunun qarşısına silahsız çıxdılar və amansızlıqla qətlə yetirildilər”. Akademik bildirdi ki, neçə min illərdir mövcud olan və bundan neçə min illər sonra da möcud olacaq Azərbaycan adlı müstəqil dövlətimiz var. ”Bu dövlətin gələcəyi bizdən, xüsusilə də uşaqlardan asılıdır. Bu gün vətənimizin keşiyində dayandığımız kimi gələcəkdə də onu qorumalıyıq. Və heç bir zaman tarixin bu qanlı gününü unutmamalıyıq”. Yanvarın 20-də həlak olan insanların Azərbaycanın müstəqilliyinin ilk qurbanları olduğunu bildirən akademik hər zaman bu faciəni xatırlamaqla dünyada rəzalətin, ədalətsizliyin varlığını da unutmamağın vacib olduğunu dedi. Onun fikrincə, yeni nəsil Azərbaycanın gələcəyi naminə dostu düşməndən ayırmağı bacarmalıdır.

Tədbirdə iştirak edən Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndi. Sonra şagirdlər muzeyin ekspozisiya zalında nümayiş etdirilən slayda baxdılar və zaldakı “Şəhidlər” xalçası, “20 Yanvar faciəsi” tablosu ilə tanış oldular.