XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 Oktyabr, 2011
Milli Azərbaycan Tarixi Muzeyində müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpozium keçirildi

2011-ci il oktyabrın 6-7-də Milli Azərbaycan Tarixi Muzeyində müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpozium keçirildi. Simpoziumu giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı iştirakçıları və qonaqları əlamətdar gün münasibətilə təbrik etdi. O, 1901-ci ildə Bakı şəhərində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin səyi və şəxsi vəsaiti ilə açılmış, xalq arasında «Tağıyev məktəbi» adı ilə tanınan ilk qız məktəbinin tarixi haqqında məlumat verərək bu təhsil ocağının Azərbaycanın maarifçilik tarixində mühüm hadisə olduğunu qeyd etdi. Daha sonra çıxış edən AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Bakı şəhəri H.Z.Tağıyev  adına 123 №-li orta məktəbin direktoru Rasimə Kərimova,


XX əsrin görkəmli ictimai xadimi İbrahim bəy Heydərovun Türkiyədə yaşayan nəvəsi Mina Tansel və Ukrayna Respublikasının Bioehtiyatlar və Təbiət Milli Universitetinin «Harmoniya» işgüzar qadınlar klubunun rəhbəri Tatyana Melniçuk səmimi sözlərlə iştirakçıları salamladılar və simpoziumun önəmini vurğulayaraq hazırkı dövrümüzdə də xeyriyyəçilik ənənələrinin davam etdirildiyini söylədilər.

 

Ölkəmizin elm və təhsil müəssisələrində çalışan alim və tədqiqatçılarla yanaşı Türkiyənin Tahran Universitetinin, Ukrayna Respublikasının Bioehtiyatlar və Təbiət Milli Universiteti, V.Dal adına Şərqi Ukrayna Milli Universiteti, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Dağıstan Dövlət Universiteti təmsilçilərinin də qatıldığı simpozium bölmələrdə öz işini davam etdirdi.

«İctimai-siyasi və mədəni həyatda qadınların rolu: tarix və müasir vəziyyət» və «Qadın təhsilinin tarixi: Şərq və Qərb təcrübəsi» istiqamətləri üzrə təşkil edilən seksiyalarda Tağıyev məktəbinin məzunları olmuş Azərbaycan qadınlarının fəaliyyətinə, müasir dövrdə qadın siyasətinə, Avropa və Asiya ölkələrində qadınların ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyata təsirinə, gender məsələlərinə, qadın təhsilində əldə edilmiş nəticələrə, savadsızlıq probleminin ailədə qadın problemlərinə təsirinə, cəmiyyətdə xeyriyyəçilik ənənələrinə və digər mövzulara həsr edilmiş məruzələr dinlənildi. Bölmə iclasları maraqlı və məzmunlu müzakirələrlə yadda qaldı.

Mədəni proqram çərçivəsində xarici qonaqlar H.Z.Tağıyevin Mərdəkandakı qəbirüstu abidəsini ziyarət etdilər, onun xatirə müzeyində, keçmiş qız məktəbinin binasında, keçmiş bağçılıq məktəbində (indiki 123 №-li orta məktəbdə) oldular. Simpozium iştirakçılarına məruzə xülasələrinin əks edildiyi toplular və xatirə hədiyyələri təqdim edildi.

 

Aygün Məmmədova

Milli Azərbaycan Tarixi Muzeyinin kiçik elmi işçisi