XƏBƏRLƏR
XƏBƏRLƏR -
17 Yanvar, 2020
“20 yanvar – Ümumxalq Hüzn Günü”nün 30-cu ildönümünə həsr olunmuş “İstiqlal mübarizləri” adlı tədbir keçirilib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2019-cu ilin dekabrın 13-də “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən AMEA Milli Azərbaycan Tarixi Muzeyində “İstiqlal mübarizləri” adlı tədbir-sərgi keçirilib. Tədbirdə N.Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin şagirdləri, “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun üzvləri, muzey əməkdaşları, tarixçilər, ictimai xadimlər və KİV nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlməsi ilə başladı və faciənin qurbanları bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Respublikası Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək cəmiyyətinin prezidenti Tofiq Əli-zadə 20 yanvar faciəsini bir daha yad edərək onun yaranma səbəbləri, bu qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə məlumat verib. Natiq bildirib ki, Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən 20 Yanvar hadisələrindən 30 il ötür. Ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu.
Sonra tədbirdə iştirak edən N.Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin direktoru Tahirə Şükürova, 20 yanvar hadisələrinin şahidləri və b. çıxış ediblər. Bildirilib ki, 20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Həmin gün xalqımızın ürəyində illərlə qalmış azadlıq, müstəqillik eşqinin oyanış günüdür. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Bakı şəhərində keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən Fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticədə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur.
Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadan daimi nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyinə kəskin ittiham bəyanatı verdi. Böyük liderin bu addımı xalqımıza güc verib, ona dayaq və dəstək olub. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 1994-cü ildə 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmişdir və 20 yanvar Ümumxalq Hüzn Günü elan edilmişdir.
Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına parlaq səhifələrdən biri kimi daxil olub.
Tədbirdə N.Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya və Azərbaycan Fotoqraflar Birliyinin çəkdiyi fotolardan ibarət foto-slayd nümayiş olunub.
Tədbirdə həmçinin muzeyin kolleksiyasından ibarət faciəni əks etdirən eksponatlar və rəsm əsərləri nümayiş olunub.