XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Dekabr, 2012
Bu günlərdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşri - “Şirvanın bədii metallı” kitabı işıq üzü görmüşdür

Bu günlərdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşri - “Şirvanın bədii metallı” kitabı işıq üzü görmüşdür. Nəfis tərtibatlı kitabın (“Şirvanın bədii metallı. MATM Arxeologiya fondunun Nərgizava və Mollaisaqlı materialları əsasında”,Bakı, 2012, 103 s.) elmi redaktoru muzeyin direktoru akademik N.M.Vəlixanlı, mətnin müəllifləri t.ü.f.d. N.Quluzadə, Q.Ağayevdir. Kitab Azərbaycanın Şirvan bölgəsinə aid olan Nərgizava və Mollaisaqlı kəndləri ətrafında aşkarlanmış və hazırda Muzeydə qorunan arxeoloji eksponatların kataloqu şəklində tərtib olunub. Belə ki, kitabda kolleksiyaya daxil olan hər bir eksponatın ətraflı təfsilatı (inventar nömrəsi, ölçüləri, düzəldilmə materialı, dövrü, yazılı təsviri, tapılma dövrü və şəraiti), müvafiq fotoşəkilləri verilmişdir.


 Qədim Azərbaycan dövlətlərindən olan Qafqaz Albaniyasının antik dövr maddi mədəniyyətini öyrənmək üçün qiymətli məxəz rolunu oynayan kitabın “Ön söz”  bölümündə Nərgizava və Mollaisaqlı qədim yaşayış yerləri, burada aparılmış qazıntı işləri və onların elmi nəticələri barədə ətraflı məlumat verilir. Arxeoloji eksponatların bir qisminin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiya texnologiyaları sektorunda spektral analizi keçirilmiş, analizi nəticələri də kitabda əks edilmişdir.

İstər mütəxəssislər, istərsə də geniş ictimaiyyətin diqqətinə və marağına səbəb olacaq kitab iki dildə - azərbaycan və ingilis dillərində nəşr olunub.