2013-cü il fevralın 15-də Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın, o cümlədən Naxçıvanın orta əsr tarixinin ilk tədqiqatçılarından olan görkəmli azərbaycan tarixçisi Rauf Ağabala oğlu Məmmədovun (1932-1988) anadan olmasının 80 illiyinə həsr olunmuş elmi seminarın keçirilməsi nəzərdə tutulur. AMEA sistemində, Azərbaycan Tarixi muzeyi, Tarix Institutunda müxtəlif vəzifələrdə çalişmiş, Azərbaycanın müxtəlif bölgələrində aparılmış arxeoloji qazıntılarda iştirak etmiş R.Məmmədov dərin biliyi, işgüzarlığı və vətənpərvərliyi ilə respublikanın elmi ictimayyəti arasında böyük hörmət qazanmışdır. O, 1932-ci ildə Bakı şəhərində anadan olub. 1951-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə qəbul olunub, 1956-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1956-cı ildə R.Məmmədov Azərbaycan Tarixi Muzeyində kiçik elmi işçi vəzifəsində işə başlayıb.Tədqiqatçı 1957-ci ildən “Bilik” cəmiyyətinin üzvü kimi respublikanın müxtəlif bölgələrində geniş ictimaiyyət qarşısında Azərbaycan tarixinə həsr olunmuş mühazirələrlə çıxış edib. 1965-ci ildə Rauf Məmmədov “Naxçıvanın orta əsrlər dövrü tarixinin oçerkləri” adlı namizədlik dissertasiyasını müdafiə edib. 1967-ci ildən EA Tarix İnstitutunun “Azərbaycanın orta əsr tarixi” şöbəsində işə başlayan tarixçi alim 1968-1970-ci illərdə İnstitutun Elmi katibi vəzifəsində çalışmışdır. 1971-ci ildən Rauf Məmmədov Azərbaycan Tarixi Muzeyinin “Azərbaycanın qədim və orta əsr tarixi” ekspozisiya- fond şöbəsinin müdiri vəzifəsində çalışıb, EA İctimai elmlər bölməsinin Elmi-Koordinasiya Şurasının Elmi katibi seçilib. 1977-ci ildə R.Məmmədovun “Naxçıvan şəhərinin tarixi (orta əsrlər dövrü)” monoqrafiyası çap olunub. O, həmçinin Azərbaycan tarixinə həsr olunmuş 50-dən artıq elmi məqalənin, respublikanın dövrü mətbuatında nəşr olunmuş 90-dan artıq elmi-populyar məqalənin müəllifidir. R.Məmmədov Tarixi İnstitutu və Tarix Muzeyində nəşr olunmuş bir sıra kollektiv elmi əsərlərin hazırlanmasında yaxından iştirak etmişdir. Rauf Ağabala oğlu Məmmədov 1988-ci ildə vəfat etmişdir.
Yuxarıda deyilənləri nəzərə alaraq, Milli Azərbaycan Tarixi Muzeyi R.A.Məmmədovun anadan olmasının 80 illiyinə həsr olunmuş elmi seminarda iştirak üçün R.Məmmədovla çiyin-çiyinə çalışmış, onun yaxından tanıyan, elmi irsinin araşdırılması ilə məşğul olan tədqiqatçıları seminarın işində fəal iştirak etməyə dəvət edir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.