Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi "1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" mövzusunda onlayn videokonfrans keçirib. Konfransda 30-a yaxın ölkədən 100-dən çox fəal diaspor nümayəndələri iştirak edib.
Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Fuad Muradov 44 günlük Vətən muharibəsində Azərbaycana böyük mənəvi dəstək göstərən Türkiyə dövlətinə təşəkkürünü bildirib, hər iki qardaş xalqın diasporları arasında əlaqələrin güçləndirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.
Daha sonra Dr.Mustafa Palabıyık "1915-ci il hadisələrini anlamaq" və t.ü.f.d., dos. Fərhad Cabbarov "1992-ci il Xocalı soyqırımını anlamaq" mövzularında məruzələri ilə çıxış etdilər. Fərhad Cabbarov öz məruzəsində əsasən I Qarabağ müharibəsinin tarixi barədə ətraflı çıxış etdikdən sonra Xocalı soyqırımının səbəb və nəticələri, tarixi-siyasi vəziyyəti haqqında geniş məlumat verdi. O, bildirdi ki, ermənilərin azərbaycanlılara qarşı əsrlərboyu həyata keçirdikləri soyqırım və etnik təmizləmə siyasəti onların “Böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən cinayət əməlləridir. Həmçinin, Fərhad Cabbarov qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı zəfəri və Türkiyə dövlətinin dəstəyi ilə erməni vandalizmi qurbanlarının qisası alındı. Məruzələrdən sonra konfrans iştirakçılarının sualları cavablandırıldı.