XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
10 Mart, 2021
10 mart Milli Teatr günüdür

Azərbaycan milli teatr sənəti  qədim ənənələrə malikdir. Onun kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin, dünyagörüşü ilə bağlıdır. Azərbaycan xalq teatrı yarandığı zamandan realist özəllik daşımışdır. Əsası 1873-cü ilin mart ayında M.F.Axundovun "Lənkəran xanın vəziri" tamaşası ilə qoyulmuş Azərbaycan teatrı keşməkeşli illər yaşayaraq zamanın mühakiməsində təsdiqini tapmışdır. Məhz martın 10-u - Azərbaycan milli teatrının əsası qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.

Milli teatrın inkişafında məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabidin Tağıyevin böyük xidməti olub. 1880-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakıda ilk teatr binası tikdirdi və bu teatr xalq arasında “Tağıyev teatrı” kimi tanındı, sevildi, teatr tariximizdə yeni bir səhifə açdı.

Həmçinin, 2013-cü ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən "Bakının teatr həyatı" adlı kataloq (müəlliflər: Nailə Vəlixanlı, Zərifə Dulayeva. Bakı, "Ziya", 2013. 212 s.) nəşr olunub. Kataloqda Bakı teatrlarının tarixinə dair Muzeyin fondlarında qorunan kolleksiyalar təqdim olunur. Bu kolleksiyalar ildən-ilə Bakı teatrlarına məxsus sənədli və maddi materiallarla daha da zənginləşdirilir. Həmin materiallar muzey fondlarında heç vaxt artıq yük qismində yatıb qalmır. Daim istifadədə olan bu eksponatlar neçə-neçə tamaşaçı nəslini maarifləndirən və mənən zənginləşdirən çoxsaylı ekspozisiya və sərgilərin əsasını təşkil edir, milli teatr sənətinin inkişafının və nəaliyyətlərinin təbliğinə geniş şərait yaradır.

Teatr aləmində çalışan, milli teatrımızın ənənələrini sevə-sevə yaşadan hər kəsi təbrik edirik!

Muzeyin Sənədli mənbələr fondunda qorunan təqdim olunmuş fotoşəkillər Hacı Zeynalabdin Tağıyevin Bakıda tikdirdiyi ilk teatr binasına aiddir.