Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini, Vətən müharibəsinin şəhidi polkovnik Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olub. Şükür Həmidov 1982-1990-cı illərdə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbində təhsil alıb. 1990-cı ildə Şükür Həmidov Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 1993-cü ildə həmin liseydən məzun olan Şükür Həmidov 1993-cü il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olub və 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirib. Həmin ildə ali hərbi təhsilini başa vuran Ş.Həmidov Müdafiə Nazirliyinin əmrinə əsasən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrinə göndərilib və 11 il orada xidmət edib. 2006-cı ilin avqustundan isə Ş.Həmidov ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub. 2008-ci il iyunun 25-də təhsilini uğurla başa vurub.
O, 2014-cü il noyabrın 27-dən 2015-ci il fevralın 3-nə qədər Goranboy rayonunda "N" saylı hərbi hissədə Komandirin müavini — Qərargah rəisi vəzifəsində xidmət eləmişdir. Ardınca isə 2015-ci il fevralın 3-dən 2015-ci il iyulun 15-nə qədər Horadiz şəhərində "N" saylı hərbi hissəsində Komandirin müavini — Qərargah rəisi vəzifəsinə, həmin il iyulun 15-də isə "N" saylı hərbi hissənin Komandiri vəzifəsinə təyin edilmişdir.
Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı fərqlənmişdir, buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, "Qızıl Ulduz" medalı təqdim olunub. 2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən Şükür Həmidova vaxtından əvvəl növbəti "polkovnik" hərbi rütbəsi verilib. Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətində səngərdə təqdim edilib.
Həmçinin, Şükür Həmidov 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə təntənəli hərbi parad zamanı Azərbaycan Ordusunun 2016-cı ilin aprelində Füzuli, Cəbrayıl və Tərtər rayonlarının 800 ha.-dan çox ərazisinin işğaldan azad edilməsində xüsusi xidmətləri olan hərbi hissələrin və 2018-ci ilin mayında Naxçıvan MR ərazisində 10 000 ha.-dan çox ərazinin işğaldan azad edilməsində fərqlənən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrin döyüş bayrağlarının olduğu bayraq qrupunun rəhbəri olmuşdur.
2-ci Ordu Korpusunun Komandir müavini, polkovnik Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə ön xətdə şəhid olub, Bakıda II Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür Həmidov ölümündən sonra "Zəfər" ordeni , 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Şükür Həmidovun iki övladı yadigar qalmışdır.
Şəhid Şükür Həmidovun əşyaları Muzeyə şəhidin qohumu, Muzeyin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Zümrüd İsmayılova vasitəsi ilə daxil olub.
Dövlət təltifləri:
-
(26.06.2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
-
(26.06.2005) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
-
(26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
-
(26.06.2010) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
-
(22.06.2012) — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
-
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
-
(26.06.2015) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
-
(20.04.2016) — "Qızıl Ulduz" medalı
-
(26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
-
(07.03.2019) — "Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi" yubiley medalı
-
(28.05.2019) — "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
-
(26.06.2020) — "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
-
(26.06.2020) — "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı
-
(09.12.2020) — "Zəfər" ordeni (ölümündən sonra)
-
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
-
(25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
-
(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
-
(29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)