XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
02 Aprel, 2021
Leytenant Fərid Məmmədova məxsus materiallar Muzeyə təhvil verilib

Leytenant Fərid Vəlhəd oğlu Məmmədov 29 Aprel 1990-cı il tarixində Abşeron rayonu Xırdalan şəhərində anadan olub (əslən Ağdam rayonunun Xıdırlı kəndindəndir). 1997-2008-ci illərdə Abşeron rayonu Xırdalan şəhərinin 2 saylı orta məktəbində təhsil alan Fərid Məmmədov 2010-2016-cı illərdə Daxili qoşunlarda xidmət edib. 2017-ci ildən isə Müdafiə Nazirliyində xidmətini davam etdirib. 2014-2019-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Vətəni müdafiə ixtisası üzrə bakalavr təhsili alıb.

2019-cu il dekabrında ilk hərbi zabit rütbəsi olan leytenant rütbəsini alıb, Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə “tağım komandiri” vəzifəsinə təyin olunub.  

Hərbi xidmət illərində Fərid Məmmədov dövlət təltifləri ilə də mükafatlandırılıb. Belə ki o, xidməti vəzifələrinin, hərbi borcunun yerinə yetirilməsində yüksək nailiyyətlər əldə etdiyinə görə 2012-ci ildə "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi"  yubiley döş nişanı, 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı, 2020-ci ildə  III dərəcəli "Qüsursuz xidmətə görə" medalı   ilə təltif edilib.   

Leytenant Fərid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı oktyabr ayının 6-da cəbhənin Füzuli-Cəbrayıl istiqamətinə ezam olunmuş və oktyabr ayının 25-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş leytenant Fərid Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin  15 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Milli Azərbaycan Tarixi Muzeyinə Şəhid Fərid Məmmədovun materialları Muzeyin əməkdaşı Günel Eminova vasitəsilə təhvil verilib.

Dövlət təltifləri:


 

  • Qüsursuz xidmətə görə III dərəcəli medalı - lent.png — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
  • Медаль "100 лет (1918-2018) Азербайджанской Армии".png — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
  • DQ medal.jpg — "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" döş nişanı
  • "Vətən uğrunda" medalı.png — "Vətən uğrunda" medalı