XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
05 Aprel, 2021
Muzeyin elmi katibi tədbirdə çıxış edib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Elm Gününə həsr olunmuş  tədbir keçirilib. Tədbir Zoom platforması üzərindən onlayn baş tutub.

XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar, mesenat Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik və maarifçilik fəaliyyətinə həsr olunan tədbiri giriş sözü ilə Aİİ Tələbə Elmi Cəmiyyətinin sədri, i.ü.f.d. dosent Məmmədəli Babaşlı açıb.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. dosent Fərhad Cabbarov Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ölümündən 100 ilə yaxın müddət keçməsinə baxmayaraq, H.Z.Tağıyev xalqımız tərəfindən daim xatırlanır, həyatı və fəaliyyəti haqqında mütəmadi olaraq araşdırmalar aparılır.

F.Cabbarov vurğulayıb ki, H.Z.Tağıyevin təhsili olmasa da, o, elmə və maarifə daha çox önəm verirdi.
Mesenatın xeyriyyəçilik fəaliyyətinə stimul verən səbəbləri sadalayan məruzəçi H.Z.Tağıyevin həddən artıq inanclı olduğunu və sosial məsuliyyəti dərk etdiyini başlıca səbəb kimi qeyd edib. O, həmçinin Şərqdə ilk dünyəvi Qız Məktəbinin açılmasından, “Həyat” qəzetinin çap olunmasından da söhbət açıb.

Bu gün də xeyriyyəçilik ənənələrinin davam etdiyini vurğulayan F.Cabbarov bildirib ki, buna ən böyük nümunə 44 günlük Vətən Müharibəsində sosial vəziyyətindən asılı olmayaraq, hər kəsin cəbhəyə yardım etməsi idi. Tədqiqatçı alimin çıxışı maraqla dinlənilib.

Tədbir mövzu üzrə müzakirələrlə davam edib.