XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
15 Aprel, 2021
15 aprel Dünya Mədəniyyət Günüdür

Əlamətdar gün UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında (12-27 noyabr 2019-cu il) təsis olunub.

İlk dəfə UNESCO bayrağı altında qeyd olunan bu gün mədəniyyətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır.

Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan xalqının ən qədim zamanlardan müasir dövrədək tarixini, həmçinin mədəniyyətinin inkişaf yolunu əks etdirən zəngin mədəni irsin qorunması və təbliği işində mühüm rol oynayır. Belə ki, Muzeydə mühafizə olunan materiallar əsasında qeyd etmək olar ki, tarix boyu xalqımızın mədəni özünəməxsusluğu qorunaraq yeni nəsillərə ötürülür.

Azərbaycan xalqı qədim zamanlardan zəngin mədəniyyəti ilə tanınaraq bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib. Bütün dünya xalqlarının həyat və məişətində olduğu kimi qədim azərbaycanlıların da zəngin və özünəməxsus oyun-tamaşa mədəniyyəti mövcuddur. Kökü çox qədim zamanlara gedib çıxan oyun-tamaşalar xalqın dünya görüşünü, onun inanc və etiqadını, adət və ənənələrini, əyləncə tərzini, əxlaqi keyfiyyətlərini, məişətini və s. əks etdirir.

Dünyada hər bir xalq öz mədəni dəyərlərinə, mədəni irsinə sahib çıxaraq onu təbliğ və inkişaf etdirməyə çalışır. Əks halda özünəməxsusluğunu qoruya, yaşada bilməz. Sevindirici haldır ki, Azərbaycan beynəlxalq aləmdə malik olduğu zəngin mədəni irsi ilə tanınır. Ölkəmiz dünyanın nüfuzlu qurumları, o cümlədən ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir. Bir sıra maddi və qeyri-maddi mədəni irs nümunəmiz bu təşkilatın müvafiq siyahılarında öz yerini alıb.