Vətən müharibəsi iştirakçısı Tərlan Həsənov Milli Azərbaycan Tarixi Muzeyində keçirilməsi nəzərdə tutulan “Anadır arzulara hər zaman Qarabağ!” adlı sərgi ilə əlaqədar şəxsi əşyalarını Muzeyə təhvil verib. Döyüş yoldaşlarının “Qumbara Tərlan” adlandırdıqları qazimiz hərbi əməliyyatlarda istifadə etdiyi hərbi geyiminə aid olan isimlik (2 ədəd) və əsgər qolbağını muzeyə hədiyyə verib.
Azərbaycan Texniki Universitetinin məzunu olan Tərlan Həsənov 2019-cu ildə Şəki rayonundan həqiqi hərbi xidmətə çağırılıb və keçən il tərxis olsa da, şəxsi istəyi ilə işğal olunmuş torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda başlanan Vətən Müharibəsinə qoşulmuşdur.
Döyüş yoluna Goranboy rayonunun Gülüstan kəndi istiqamətində başlayan əsgər Tərlan Həsənov sonradan Tərtər rayonunun Talış kəndi və Suqovuşan ərazisindəki müxtəlif yüksəkliklər uğrunda döyüşlərdə iştirak edib.
1 oktyabr 2020-ci il tarixində Tərtər rayonunun Talış kəndindəki Ağ uçuq adlı məntəqədə olan ağır döyüşlər zamanı komandirin əmrinə əsasən düşmən mövqeyini məhv etmək tapşırığı alan Tərlan döyüş yoldaşlarının həyatını xilas etmək üçün düşmən qumbarasının üzərinə özünü atmışdır. Nəticədə döyüş yoldaşlarını ölümdən xilas etmişdir.
Tərlan Həsənov 2 aprel 2021-ci il tarixində hərbi xidmətini (müddətdən artıq) uğurla bitirərək ordu sıralarından tərxis edilib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən əsgər Tərlan Həsənov “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medallarına layiq görülüb.