XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
23 Aprel, 2021
Muzeydə "Tarix yazan qəhrəmanlar” layihəsi davam edir

“Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri Sahibə Ələkbərova  ideya müəllifi və layihə rəhbəri  olduğu “Tarix yazan qəhrəmanlar“ layihəsi çərçivəsində, klub üzvü, Azərbaycan Turizm və Menecment Universitetinin III kurs tələbəsi Nabat Əlizadə ilə birgə II Qarabağ müharibəsi şəhidi Yaqub Yaqubzadənin 22 aprel doğum günü ilə əlaqədar şəhidin ailəsini ziyarət ediblər. Onlar şəhidin ailəsi ilə görüş zamanı onun haqqında xatirələri dinləyib və xatirə əşyalarından ibarət guşə ilə tanış olublar.  Daha sonra layihə iştirakçıları, şəhidin ailəsi, yaxınları və ASAN Radio kollektivi ilə birgə Xəzər rayonu Qala qəsəbəsində şəhidin dəfn olunduğu məzarını ziyarət ediblər. Əslən Laçın rayonunun Malıbəyli kəndindən olan Yaqub Yaqubzadə ailənin yeganə oğul övladı idi. O, 1999-cu il aprel ayının 22-də  Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. 2005-2016-cı illərdə Bakı şəhəri Xəzər rayonunda yerləşən 92 saylı tam orta məktəbdə təhsil alıb. Sonra 2016-2020- ci illərdə Tbilisi şəhərində Gürcüstan- Avropa Universitetində ”Kompüter mühəndisliyi” üzrə ali təhsil alıb. Ali təhsilini başa vurduqdan  sonra, 2020- ci ildə Azərbaycan  Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb.  Öncə Gəncə şəhərində yerləşən  “N “ saylı hərbi hissədə xidmətə başlayıb. Daha sonra Şəmkir rayonunda yerləşən “N” saylı hərbi hissədə topçu olaraq xidmətini davam etdirib. Y.Yaqubzadə II Qarabağ müharibəsi başlayan zaman, müzəffər Azərbaycan Ordusunun xilaskar əsgəri kimi əlinə silah götürərək torpaqlarımızı işğalçılardan azad etmək üçün Murovdağ istiqamətində gedən döyüşlərdə  cəsur əsgər kimi döyüşüb. Atası hər dəfə onunla əlaqə saxladıqca, o, hər şeyin qaydasında olduğunu deyərək, ondan nigaran olmamağı tapşırıb. O, ata yurdu olan Laçını görməsə də, Laçın sevgisi ilə böyümüşdü. Hərbi xidmətə gedərkən ailəsinin 28 illik vətən həsrətinə son qoyacağını, torpaqlarımızı düşmən tapdağından xilas edərək şəhid kimi evə qayıdacağını demişdi. Təəssüf ki, ürəyində bir çox arzusu yarımçıq qalmış iyirmi bir yaşlı Yaqub Yaqubzadənin son arzusu çin oldu. Ötən ilin oktyabr ayının  3-də,  amansız düşmənin atdığı minamiyotun partlaması nəticəsində Murovdağ istiqamətində gedən döyüşlərdə arzuladığı ən uca məqama, şəhidlik zirvəsinə yüksəldi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Y.Yaqubzadə ölümündən sonra “Vətən uğrunda”  və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə  təltif olunub. Qeyd edək ki, Yaqub Yaqubzadənin  rəssam  Raket Hüseynova tərəfindən kətan üzərində çəkilmiş portreti şəhidin anası Səmurə Məmmədova tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə  verilib.