XƏBƏRLƏR
XƏBƏRLƏR -
30 Aprel, 2021
Muzeydə Beynəlxalq Caz Günü ilə əlaqədar materiallar qorunur

Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd olunur. Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Bakı Beynəlxalq Caz Festivalına dair afişalar və proqramlar qorunur.

Bakı Beynəlxalq Caz Festivalı – Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Jazz Dünyası" jurnalı tərəfindən təşkil edilən layihədir. Bakı Beynəlxalq Caz Festivalı 2002-ci ildən keçirilir. Festivalda həm xarici həm də yerli caz ulduzları iştirak edir. Bakı Beynəlxalq Caz Festivalı - təhsil (seminarlar və master-klasslar), “Uşaqlar caz günü”, müsabiqə ("Ən yaxşı caz ifaçısı"), incəsənət və foto sərgilər, dünya caz ifaçılarının caz konsertləri və başqa tədbirlərdən ibarət olan forum və musiqi festivalıdı.

İlk növbədə, Bakı Caz Festivalı ölkələr arasında mədəni töhfəni gücləndirmək və genişləndirmək, eləcə də dünya ölkələrinin mədəni irsini tədqiq etmək üçün böyük imkandır.

Bundan başqa, Bakı Caz Festivalı XX-ci əsrin görkəmli xadimləri tərəfindən təsis olunan Azərbaycan cazın tarixini qorunması və davam etdirilməsi üçün çalışır.

Tədbir çərçivəsində musiqiçilər Beynəlxalq Muğam Mərkəzində, Bakı Filarmoniyasında, Heydər Əliyev sarayında eləcə də Caz Mərkəzində konsert proqramları ilə çıxış edir.

Muzeydə qorunan afişalarda qeyd olunur ki, 2010-ci ildə təşkil olunmuş Bakı Beynəlxalq Caz Festivalında Azərbaycan musiqiçiləri Emil Əfrasiyab oğlu və Rain Sultanov çıxış etmişlər.

Qeyd edək ki, 2016-cı ildə, Bakı Caz Festivalı Avropa Caz Birliyinə (European Jazz Network EJN) daxil olunub.