Milli Azərbaycan Tarixi Muzeyində muzeyin unikal materilları əsasında hazırlanmış “Minilliklərin yaddaşı-zərgərlik sənəti” və “Tirmə” adlı kataloqların təqdimatı keçirilib.
Tədbirdə bir sıra mədəniyyət, ictimaiyyət nümayəndələri və muzey əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Gülzadə Abdulova müəllifi olduğu kataloqlar barədə ətraflı məlumat verib. G.Abdulova çıxışında qeyd edib ki, kataloq Azərbaycan zərgərlik sənətinin tarixi, xammal bazası, texniki üsulları, məmulat növləri, onların mifologiyasının tədqiqinə həsr olunub.
Sonra muzeyin direktoru, sözügedən kataloqların elmi redaktoru, akademik Nailə Vəlixanlı, kitabın elmi rəyçisi t.e.d., AMEA Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, professor Fəzail Vəliyev, t.e.d., AMEA Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi şöbəsinin müdiri, t.e.d., Güllü Yoloğlu, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Tunc dövrü arxeologiyası şöbəsinin müdiri, t.ü.f.d., dosent Səfər Aşurov çıxış ediblər. Çıxışlar zamanı kataloqun zərgərlik sənətinin incəliklərini və gözəlliyini əks etdirən unikal kolleksiya əsasında hazırlandığı qeyd olunub.
Sonra zərgər Elşən Sahibcanov çıxış edərək qızı, gənc rəssam Fidan Sahibcanova ilə birlikdə keramika üzərində mina texnikası ilə hazırladıqları, dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş əsəri muzeyin direktoru Nailə Vəlixanlıya təqdim edərək, muzeyə bağışladığını bildirib. Həmçinin, tədbirdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun, Bakı Dövlət Universitetinin əməkdaşları, Azərbaycan Zərgərlər Assossasiyasının Prezidenti Toğrul Abbasquliyev, "İrs", "Butalı", "Shakh Feligree" zərgərlik brendlərinin yaradıcıları, “AzərGold” QSC-nin nümayəndəsi Rövşən Əmircanov, “Levata” Group şirkətinin nümayəndəsi və digər şəxslər iştirak ediblər.
Tədbirin sonunda qonaqlara kataloqlar hədiyyə olunub.