XƏBƏRLƏR
XƏBƏRLƏR -
04 Aprel, 2022
«Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” layihəsi davam edir

2 aprel 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən "Gənc muzeyşünaslar və muzeyseverlər klubu" nun üzvləri  Kəlbəcər rayon Tarix -Diyarşünaslıq Muzeyini ziyarət ediblər. İdeya rəhbəri S.Ələkbərova  könüllüləri muzey əməkdaşlarına təqdim edərək, qeyd edib ki, “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” layihəsi çərçivəsində gənc muzeyşünaslarla birgə işğaldan azad edilmiş rayonların anım günlərində bütün rayon Tarix -Diyarşünaslıq Muzeylərini ziyarət ediblər.  O, bildirib ki, İşğal olunmuş torpaqların qaytarılmasına baxmayaraq, düşmənin törətdiyi vəhşiliklər heç vaxt unudulmayacaq. Kəlbəcər sakinləri də düz  27 il bu günü yurd  itkisinin ağrısı , torpaq həsrətinin acısı ilə yad ediblər. Sonra muzeyin direktoru Bərzani Əsgərov muzey haqqında könüllülərə  məlumat verərək bildirib ki, 29 il bundan əvvəl şöhrəti respublikamızın hüdudlarından çox-çox uzaqlara yayılmış, tarixi əhəmiyyətli əşyalarla zəngin olan Kəlbəcər Tarix-Diyarşünaslıq muzeyi də  erməni vandallarının əlinə keçərək, talan edildi. İçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşya olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyi 1982-cı illərin əvvəllərində ədəbiyyatçı alim Şamil Əsgərov tərəfindən yaradılmışdır. Adı dillərdə dastan olan muzey özünün orijinallığına  və zənginliyinə görə başqa muzeylərdən əsaslı surətdə fərqlənirdi. Mütəxəssislər və tamaşaçılar haqlı olaraq  bu muzeyi həm də geologiya , arxeologiya, incəsənət və səs muzeyi adlandırırdılar. Muzeydə yüzlərlə xalça və xalça məmulatları, qədim mis qablar ,qədim silahlar, gümüş toqqalar və pullar, fotoşəkillər, adət-ənənələrimizi nümayiş etdirən əşyalar və görkəmli şəxsiyyətlərin lentə yazılmış səsləri (S.Vurğun, ak. M.Qaşqay, S.Rəhimov, Ə.Vəliyev, X.Məmmədov, Q.Qasımzadə, Q.Xəlilov və 500-dən çox başqa tanınmışlar.) və s.  toplanmışdır.  Hal-hazırda Bakı şəhərində fəaliyyət göstərən Kəlbəcər Tarix-Diyarşünaslıq muzeyində 6000-dən artıq eksponat var ki, onların əsasını fotoşəkillər, xalçalar, məfrəşlər, xurcunlar, duz torbaları, mis qablar, rəngbərəng kəsilib cilalanmış daşlar, tikmələr, küplər, qədim pullar, taxta üzərində yandırma üsulu ilə çəkilmiş portretlər, adət-ənələrimizi əks etdirən boya ilə çəkilmiş şəkillər, ağac nümunələri, bitki növləri, kitablar və s. təşkil edir. Kəlbəcər adət-ənələrimizi əks etdirən gildən düzəldilmiş fiqurlar, qədim pullar, Kəlbəcər toylarının lent yazıları muzeyin qiymətli eksponatlarındandır. “Muzeylərimizi tanıyaq və tanıtdıraq“ devizi altında bir çox muzeylərdə olan gənc muzeyşünaslar burada da çox maraqlı məlumatlar əldə ediblər. 

B. Əsgərov gəncləri maraqlandıran sualları  ətraflı cavablandıraraq qeyd edib ki, artıq Kəlbəcər rayon Tarix - Diyarşünaslıq muzeyi öz əvvəlki ünvanına  qayıtmaq üçün hazırdır.  Sonda, S. Ələkbərova Milli Azərbaycan Tarixi Muzeyi adından muzeyin elmi nəşrlərini  Bərzani Əsgərova təqdim edib və layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə  , ona gənc muzeyşünaslar və öz adından təşəkkür edib!