Rauf İlyas oğlu Əliyev 1993-cü il fevralın 11-də Şamaxı şəhərində anadan olub. 1999-2008-ci illərdə Elşən Hüseynov adına 2 saylı Şamaxı şəhər tam orta məktəbinin rus dili bölməsində təhsil alıb və eyni zamanda Şamaxı şəhəri 1 nömrəli İmadəddin Nəsimi adına musiqi məktəbinin tar sinfinə qəbul olunmuşdur.
2012-ci ilin oktyabr ayının 10-nu hərbi xidmətə çağrılıb. 2012-ci ildə R.Əliyev müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Hərbi xidmətdən tərxis olunandan sonra 2015-ci ildə Qobustan şəhəri Rəşid Behbudov adına “Uşaq incəsənət məktəbi”ndə tar ixtisası üzrə müəllim işləməyə başlayıb. İşlədiyi müddət ərzində bir çox fəxri fərmanlarla təltif olunub. Rauf 2020-ci il sentyabr ayının 21-də könüllü olaraq cəbhəyə gedib. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərə qatılıb. Talış-Ağayuq yüksəkliklərinin, Suqovuşanın alınmasında iştirak edib. Sentyabrın 30-da şəhid olub və oktyabrın 1-də Şamaxı şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan, igidliyi və şücaətini nümayiş edərək, vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
Rauf İlyas oğlu Əliyevin şəxsi əşyaları AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur və “Anadır arzulara hər zaman Qarabağ” sərgisinin birinci hissəsində nümayiş olunub.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)