XƏBƏRLƏR
10 Fevral, 2022
Bu gün şəhid Faiq Qasımovun doğum günüdür

Polkovnik-leytenant Faiq Qaçay oğlu Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub. Faiq Qasımov 1981-ci ildə Qubadlı rayonunun Qayalı Kənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuşdur və 1990-cı ilə qədər orada təhsil almışdır. Milli Qəhrəman uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş mövü ilə məşğul olmuşdur. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Qasımovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər.  

Faiq Qasımov 1993-cü il avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olmuşdur və 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirmişdir.

1992-ci ildən Qubadlı rayonunun Yuxarı Cibikli kəndinin müdafiəsi uğrunda döyüşlərdə topçu olaraq xidmət edib. 1993-1995-ci illərdə Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) hərbi təhsil alıb.

Faiq Qasımov 1995-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində, 2010-2012-ci illərdə Balakən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2012-2013-cü illərdə Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində, 2013-cü ildən isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Faiq Qasımov cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Faiq Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qərəmancasına  şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qasımova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı"  adı verilib, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Faiq Qasımov ailəli idi. Bir oğlu və bir qızı yadigar qalmışdır. 

Faiq Qaçay oğlu Qasımovun şəxsi əşyaları AMEA  Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur və halhazırda “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş olunur.

 

Təltifləri