AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə muzeyin Elmi Ekspozisiya və Sərgilərin Təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədovun “Gəncə xanı Cavad xanın buncuğu (tuğu)” adlı kitabı nəşr olunub (Bakı, 2021. 40 səh.) Kitabın elmi redaktoru t.ü.f.d., dosent Fərhad Cabbarovdur. Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyasında Azərbaycan xalqının dövlətçilik rəmzlərinin unikal nümunələri qorunmaqdadır. Müxtəlif obyektiv və subyektiv səbəblərdən onların böyük qismi indiyədək tədqiq olunmamışdır.
Təqdim edilən kitabda Azərbaycan xalqının yenilməzlik və cəsarət, vətənpərvərlik və qəhrəmnlıq rəmzinə çevrilmiş Gəncə xanı Cavad xanın muzeydə qorunan hakimiyyət atributu-buncuğu (tuğu) araşdırılır.
Bu kitabda Vətən tarixşünaslığında ilk dəfə olaraq həmin eksponatın tarixi, buncuq (tuğ) adının mənşəyi, tarixi forma və növləri, yayılma arealı kimi məsələlər tədqiqata cəlb edilmişdir.