2 may 2021-ci il tarixində Naxçıvan Universiteti, İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) və Əl-Fərabi Sosial elmlər Beynəlxalq Jurnalı (Al-Farabi İJSS) əməkdaşlarının təşkilatçılığı ilə "IX Beynəlxalq Əl-Fərabi Sosial Elmlər" konqresi keçirilib. Konqres onlayn Zoom platforması üzərindən baş tutub. Konqresdə müxtəlif ixtisaslar üzrə 100-dən artıq alim və mütəxəssislər (Ukrayna, Moldova, Gürcüstan, Qazaxıstan, Malaziya, Hindistan, Nigeriya, Pakistan və d.) çıxış edib. Həmçinin AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova həm məruzəçi, həm də moderator qismində iştirak edib.
T.ü.f.d. Aygün Məmmədova və t.ü.e.d., professor Abbas Seyidovun təqdim etdikləri “Turakinə xatun dövründə Naxçıvan və Kiranda zərb edilən gümüş dirhəmlər (muzey materialları əsasında)” adlı məruzədə mövcud numizmatik və arxeoloji tapıntılara əsasən XIII əsrdə Naxçıvanda pul təsərrüfatı, ictimai-siyasi vəziyyət və digər məsələlər barədə məlumat verilmişdir. Məruzə hicri 642 = 1244-1245-ci ilin Naxçıvan və Kiran gümüş dirhəmləri, həmçinin t.ü.e.d., professor Abbas Seyidovun Monqolustana olan elmi səfəri zamanı qeydə alınmış fotolardan (Çingizilərin orta əsr yaşayış yeri, Çingiz xan taxtı, dövrün tapıntılarının qorunduğu muzeylər və d.) tərtib edilmiş elektron slaydla müşayiət olunmuşdur.
Konqres məruzələrinin impakt faktorlu məqalələr toplusunda nəşr edilməsi nəzərdə tutulub.