XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
05 May, 2021
Fransada partizan hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr olunmuş tədbir

AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 06 may 2021-ci il tarixində II Dünya müharibəsi dövründə Avropada antifaşist hərəkatının fəal iştirakçısı, Fransada partizan hərəkatının qəhrəmanı Əhmədiyyə Mikayıl oğlu Cəbrayılova (1920–1994) həsr olunmuş tədbir keçiriləcək.

Tədbirdə Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov, Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müşaviri Yeronin İ.P., Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Zinnurov İ.X., tədqiqatçılar və KİV nümayəndələrinin iştirakı gözlənilir.

Bununla yanaşı tədbirə Moskva şəhərində yerləşən “Qələbə Muzeyi”nin elmi-metodik şöbəsinin müdiri, tarix elmləri doktoru Davıdov S.Q. Zoom platforması ilə qoşulacaq.

Həmçinin tədbirdə Cavanşir Cəbrayılovun təsisçisi və direktoru olduğu Əhmədiyyə Cəbrayılovun Xatirə Muzeyindən eksponatlar, atasına aid əşyalar, şəkillər, orden və medallar, həm Muzeyin kolleksiyasından, həm də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti arxivindən götürülmüş tarixi əhəmiyyət kəsb edən sənədlər nümayiş olunacaq.